Braziliyanın prezidenti Luis İnasio Lula da Silva FİFA-nı irqçiliklə mübarizə aparmaq üçün ciddi addımlar atmağa səsləyib.
Futbolinfo.az xəbər verir ki, ölkə başçısı bu haqda Yaponiyanın Hirosima şəhərində keçirilən “Böyük Yeddiliy”in (G7) sammitinin mətbuat konfransından öncə söyləyib.
O, İspaniya La Liqasının 35-ci turunun “Valensiya” ilə matçında (0:1) təhqirlərə məruz qalan “Real”ın braziliyalı futbolçusu Vinisius Juniora dəstək olduğunu bildirib:
“Bizim dövrümüzdə Avropanın stadionlarında irqçi təəssübkeşliyin vüsət alması yolverilməzdir. Uğur qazanan və dünyanın ən yaxşılarından hesab edilən futbolçunun hücum hədəfinə çevrilməsi düzgün deyil. Mən FİFA, La Liqa və digər qurumların ciddi tədbirlər görməsini vacib hesab edirəm. Çünki stadionlarda faşizm və irqçiliyin təzahürlərinə yol verə bilmərik”.
Xatırladaq ki, meydan sahiblərinin azarkeşləri braziliyalı futbolçuya qarşı irqçilik etdikləri üçün matçda fasilə yaranıb. Vinisius görüşün sonunda qırmızı vərəqə alaraq meydançanı vaxtından öncə tərk edib.
“Sambaçı” cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 54 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə edib.