Hər şey son tura qaldı. Nəticəsi önəm daşıyan bütün matçlar bitdi, amma bütün komandaların ümidləri bitmədi.

Premyer Liqada qalmaq uğrunda “Şamaxı” ilə “Səbail”in qiyabi mübarizəsi heç-heçə bitdi. Bölgə təmsilçisi evdə “Qəbələ” ilə oyunda qolsuz sülhə razılaşdısa, Bayıl təmsilçisi son dəqiqə qolu ilə böyük problemdən qurtuldu. Belə ki, matçın gedişində 2:0 hesabı ilə önə keçən “Turan Tovuz” qalib gəlsəydi, “Səbail” xalları bərabərləşən “Şamaxı” ilə son matçda qalib gəlməyə məcbur olacaqdı. Çünki autsayderlərin şəxsi duellərinin nəticəsi “dənizçilər”in əleyhinədir. Bu səbəbdən qonaqlar son dəqiqələrdə matçı çevirib bir xal əldə etmələrinə sevinməlidirlər.

Beləliklə, son turda baş tutacaq “Səbail” – “Şamaxı” matçında meydan sahiblərinə heç-heçə də sərf edəcək. Bölgə təmsilçisi isə I Diviziona düşməmək üçün mütləq qalib gəlməlidir. Mayın 28-də baş tutacaq matçı mövsümün finalı saymaq olar.

Bu gün qələbə qazanmayan “Qəbələ” bununla da Konfrans Liqasına vəsiqəni rəsmiləşdirmək şansını əldən verdi. Paralel keçən “Sabah” – “Zirə” oyunu da qolsuz bitdiyindən qazanılacaq 3 xal son turu əhəmiyyətsiz edəcəkdi. Lakin elə alındı ki, qiyabi mübarizə sonadək davam edəcək. Amma yenə də hər şey “Qəbələ”nin əlindədir. Son turda “Kəpəz”lə ev matçında qazanılacaq 1 xal Elmar Baxşıyevin yetirmələrinə bəs edəcək. Çünki “Zirə” qələbə qazanıb xalları bərabərləşdirsə belə şəxsi oyunlarda üstün olan “Qəbələ” istəyinə çatacaq. Qəsəbə təmsilçisini yalnız rəqibin məğlubiyyəti və özünün də Sumqayıtda qələbə qazanması razı sala bilər.

Qeyd edək ki, hətta “Zirə”nin 4-cü yeri tutması da komandaya Konfrans Liqasına vəsiqə verməyəcək. “Qartallar”ın sevinməsi üçün kubokun finalında “Neftçi”nin də “Qəbələ”ni məğlub etməsi lazımdır.

Meydan sahiblərinin qələbəyə həsrət qaldığı turda ən gözlənilməz nəticə Suraxanıda qeydə alındı. “Qarabağ”ın ehtiyat heyəti üzərində qələbə qazanan “Sumqayıt” rəqibinə mövsümdəki 2-ci yenilgini yaşatdı. “Kimyaçılar” bu nəticə sayəsində 7-ci pilləyə qalxdı, eyni zamanda istirahət ab-havasında oyuna çıxan ağdamlılara düşünmək üçün material verdi.

FƏRİD

Shares: