“Kəpəz”də Tərlan Əhmədovun taleyinə aydınlıq gəlməsə də, artıq indidən yeni baş məşqçi olmaq üçün işə başlayanlar var. Hazırda iki nəfərin namzədliyi ciddi müzakirə olunur.

Futbolinfo.az xəbər verir ki, onlardan biri Mahmud Qurbanovdur. Qışda “Səbail”dən uzaqlaşdırılan mütəxəssisin doğma şəhərinin komandasına rəhbərlik edəcəyi deyilir. Onun namizədliyi AFFA-nın bəzi rəhbər şəxsləri tərəfindən dəstəklənir.

Digər namizəd isə hazırda “Səbail”də Şahin Diniyevin köməkçisi işləyən Azər Məmmədovdur. Sabiq müdafiəçi vaxtilə şərəfin qoruduğu komandasının “sükanı arxasına” başqasının kölgəsində gedə bilər. PRO kateqoriyası olmayan mütəxəssis bu lisenziyaya sahib olan Etibar İbrahimovla birlikdə duet təşkil etmək niyyətindədir. “Şamaxı”da izlədiyimiz Cavid Hüseynov – Vüqar Əsgərli tandemi kimi Azər bəy əsas söz sahibi olmaq üçün İbrahimovun kateqoriyasına güvənmək niyyətindədir. Gəncəli veteranların dəstəklədiyi deyilən bu cütlükdən İbrahimov Azərbaycanın aşağı yaş qruplarında, həmçinin Hindistan U-17-də Nikolay Adamın köməkçisi kimi iş təcrübəsinə malikdir.

Sözügedən məşqçilərin “Kəpəz”ə getməyə çalışması, rəhbərliyə namizədliklərini təklif etməsi göstərir ki, Əhmədovun  Gəncədən ayrılması zaman məsələsidir. Zatən “komandanı Premyer Liqada saxlayıb gedəcəm” deyən Tərlan bəy özü də taleyi ilə barışıb. O, son vaxtlar qalmaq üçün sözlərinə korrektələr etməyə çalışsa da, vəziyyətin ciddiliyini anlayıb. Açıqlamaları, davranışları məşqçi bacarığının özünə keçən bu şəxs Gəncədəki perspektivsizliyini özü müəyyənləşdirib.

Mövsüm bitən kimi bütün suallara aydınlıq gələcək. Lakin görünən odur ki, “Kəpəz”in daxilində Əhmədovla bağlı qərar verilib. Elə bu səbəbdən özünü namizəd sayanlar təbliğat kampaniyasına başlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp