AFFA ilə AGİN Tərtərdə yenidən “toqquşub”. Bir qurum digərinin ərazisində tikinti işləri aparmaq istəyib, problem ortaya çıxıb və işlər dayandırılıb.

Futbolinfo.az xəbər verir ki, apreldən başlayaraq Tərtərdə yeni stadionun inşasına başlanmışdı. Əsası 1987-ci ildə qoyulan əvvəlki stadion sökülür, onun yerində yenisinin tikilməsi planlaşdırılırdı. Saytımıza açıqlamasına AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da xəbəri təsdiqləmişdi. O, yeni stadionun köhnə arenanın yerində tikiləcəyini və müasir tələblərə cavab verən idman qurğusu kimi ərsəyə gələcəyini bildirmişdi.

Ötən ayın sonunda stadiondan reportaj hazırlamışdıq. Kadrlardan da işlərə start verildiyi görünürdü. İlk olaraq stadionun ərazisində torpaq işlərinə start verilmişdi. Ərazi təmizləndikdən sonra inşaat işləri başlayacaqdı.

Bu gün işlərin necə getdiyi ilə maraqlanmaq üçün növbəti dəfə iş icraçıları ilə əlaqə saxladıq. Və bəlli oldu ki… Tərtər stadionunun tikintisi dayandırılıb! Səbəb açıqlanmır, sadəcə, inşaat işlərini reallaşdıran şirkətə işləri dayandırıb Bakıya qayıtmaq tapşırığı verilib və onlar da belə edib.

Tərtər Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov da bizimlə söhbətdə xəbəri təsdiqlədi. O, səbəbdən xəbərsiz olduğunu söylədi, lakin işlərin mayın 19-dan dayandırıldığını gizlətmədi.

Hamının gizlətdiyi və ya bilmədiyi səbəbi “Futbolinfo” kiçik bir araşdırma ilə müəyyənləşdirdi. Sən demə, AFFA-ya tikinti üçün verilmiş ərazi Gənclər və İdman Nazirliyinin balansında imiş. Və bu fakt problem yaradıb. Futbol qurumu başqasının ərazisində tikilən qurğuda söz sahibi olmayacağını anladığından tikintini dayandırıb. AGİN də böyük futbol ənənələri olmayan Tərtərdə stadion tikməkdənsə, əldə olan vəsaiti hazırda stadionunun yenilənməsinə daha çox ehtiyac duyulan Gəncəyə yönəldilməsini istəyib. Həmin arena da AGİN-in balansındadı və qurum işlərin doğru planlanmasını, daha çox ehtiyac duyulan şəhərdə tikinti işlərinin görülməsini istəyib.

Beləcə iki qurum arasında razılıq əldə olunmayıb və işlər dayandırılıb. Tərtərdə stadion tikilməsi üçün başqa yer olmadığından, daha doğrusu, biri varkən digərinə ehtiyac duyulmadığından iş icraçıları problemin həlli tapılana qədər geri çağırılıb. Problemin necə həll olunacağı bəlli deyil. İndi ya AGİN ərazisində stadion tikilməsinə icazə verilməli, ya da AFFA onların məsləhətinə qulaq asaraq ayrılan vəsaiti idman qurğusunun yenilənməsinə daha çox ehtiyac duylan digər şəhərlərə yönəltməlidir.

affa bina - Futbolinfo.az

Xatırladaq ki, Tərdərdə stadion inşa edilməsi AFFA İcraiyyə Komitəsinin 3 mart tarixli iclasının qərarına əsasən nəzərdə tutulub. Qərarda yazılıb: “2024-2028-ci illər üçün UEFA və 2023-2026-cı illər üçün FIFA tərəfindən ayrılacaq müvafiq maliyyə vəsaiti müxtəlif regionlarda yeni infrastruktur layihələrinin inşasına ayrılsın”.

Göründüyü kimi, AFFA rəhbərliyi bu vəsaiti cəlb etməklə həm də özləri üçün müddət “sifariş edib”.  2024-28-ci illər təsadüfi seçilməyib, gələn ilin əvvəlində AFFA-da yeni prezident seçkiləri keçirilməlidir və bu müddət 4 ili əhatə edəcək. Hazırkı prezident Rövnəq Abdullayev məhz öz hakimiyyətini düşünərək Fransaya yollandı, orada vitse-prezident Elxan Məmmədovun əvvəlcədən planlaşdırdığı (pərdəarxası maraqlıdır – red.) layihə üçün UEFA və FIFA rəhbərlərindən dəstək aldı. Və işi elan planladılar ki, layihə növbəti seçki müddəti üçün keçərli oldu. Bununla bir növ daha 4 il vəzifə başında qalmaları üçün zəmin hazırladılar.

İş ondadır ki, bu insanlar yenə də futbolu deyil, şəxsi maraqlarını düşünür. Layihə təsdiqlənib, vəsait cəlb edilib – bütün bunlar çox yaxşıdır. Amma işlərin planlanması doğru aparılmayıb. Tərtərdə təmir işləri başlamamış mətbuat, futbol ictimaiyyəti stadionun futbol ənənələri olan Gəncədə, Mingəçevirdə, Masallıda, Qubada və s. tikilməsinin daha doğru olacağını vurğulayırdı. Lakin AFFA Tərtərdə israr etdi və AGİN işə qarışınca problem ortaya çıxdı. Ümumiyyətlə, AFFA-nın işə başlayarkən kimin ərazisində tikinti apardığını öyrənməməsi daha bir maraqlı məqamdır.

Təbii ki, nazirliyin balansında olan stadionda tikinti AFFA-ya sərf etmir. Məsələn, Tovuzda, Gəncədə tikilən akademiyalara çəkilən xərclərlə görülən işin dəyəri arasında uyğunsuzluq var. Deyək ki, 2 milyon manata başa gəlməli olan qurğulara bunun iki qatı sərf olunub, kimsə də AFFA-dan hesabat istəyə bilmir. AGİN-ə məxsus ərazidəki tikinti işlərinə görə isə hesabat vermək lazım olacaq. Bu variant da AFFA-nın bütün idman qurğularını tikən, bütün tenderlərdə tapşırıqla qalib gələn şirkətə sərf etmir.

Təsadüfi deyil, tender oyunu o qədər gözəl planlanmışdı ki, AFFA elan verdi, 3 gün ərzində (27 mart) müraciətlər qəbul olundu, bir neçə günün içində qalib seçildi və həmən (5 aprel) işlərə başlanıldı.

Kəsəsi, AGN Tərtərdə stadion tikintisini əngəlləyib. İndi AFFA İcraiyyə Komitəsinin qərarını yerinə yetirmək üçün daha doğru variant seçilməli, işlər başlamalıdı. Amma bu məsələdə nazirliyi də günahsız saymaq olmaz. Bu qurum nə özü bir iş görür, nə də iş görmək istəyənlərə şərait yaradır. Konkret olaraq Gəncə stadionu ilə bağlı vəziyyət belədir. Şəhər arenası 60 ildir təmir üzü görmür. Lazımi vəsait tapılmırsa, o zaman AFFA ilə müqavilə bağlamaq, stadionu təmir edilməsi şərti ilə bu quruma və ya kluba icarəyə vermək lazımdır. Yeyintilərin qarşısını almaq üçün isə başqa variantlar fikirləşmək olar.

BƏHRUZ, FƏRİD

5c037a08 c3d4 4e18 834a 1ab61256a3a3 1024x576 1 - Futbolinfo.az
Shares: