“Heydər Əliyev İli”, IX yazı: Beynəlxalq idman qurumları ilə münasibətlərin qurulması

Müstəqillik dövründə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə idmanın inkişafını təcəssüm etdirən məqamlardan biri də beynəlxalq turnirlərin təşkilidir. Məhz Ulu Öndərin dönüşündən sonra ölkəmizdə belə turnirlərin keçirilməsinə start verildi.

Bunun üçün mütləq olan amillərdən biri infrastruktur idi. Bununla bağlı əvvəlki yazılarımızda geniş şəkildə məlumat vermişdik. Yarışların keçirilməsi üçün digər vacib məqam isə beynəlxalq əlaqələrdir. Ümummilli Lider bu çatışmazlığı aradan qaldırdı.

Beynəlxalq idman aləmindən təcrid olan Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq tədricən tanınmış məmurların təşrif buyurduğu ölkəyə çevrildi. Heydər Əliyev həmin dönəmdə beynəlxalq idman qurumlarının rəhbərləri ilə çox önəmli görüşlər keçirmişdi. Bu görüşlər həmin insanlarda Azərbaycanda idmana marağın və qayğının dövlət səviyyəsində olduğuna əminlik yaratmış, onların ölkəmizlə əlaqələrin möhkəmlənməsinə, eləcə də bir çox seçimlərdə respublikamıza üstünlük verməsinə səbəb olmuşdu.

Belə görüşlərdən birincisi və önəmlisi Xuan Antonio Samarançla olmuşdu. 1994-cü ilin aprelində Heydər Əliyev Bakıda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və onu müşayiət edən Avropa Olimpiya Komitəsinin rəhbəri Jak Roqla Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rananı qəbul etmişdi. “Əgər hər hansı bir ölkə öz gələcəyini, yüksək inkişafını istəyirsə, öz gənclərinin bədən tərbiyəsinə fikir verməlidir. Mən səfər zamanı İdman İnstitutunda oldum, tələbə və müəllim heyəti ilə görüşdüm. Onların yüksək hazırlığının, idmana böyük marağının şahidi oldum”, – deyə ölkəmizdə olduqları müddət ərzində gördükləri barədə prezidentə məlumat verən Xuan Antoni Samaranç təəssüratlarını bölüşmüşdü.

Azərbaycanda idmanın yeri, bədən tərbiyəsinin əhəmiyyəti və dövlətin bu sahədə gördüyü və görəcəyi işlər barədə qonağı məlumatlandıran ölkə başçısı Xuan Antonio Samarança portreti həkk edilmiş xalça da hədiyyə etmişdi.

Bir il sonra Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Federasiyasının prezidenti Əhməd Çoudrini ölkəmizdə qəbul etdi. Görüş zamanı Çoudrinin ölkəmizə səfərini yüksək qiymətləndirdiyini bildirən Ulu Öndər qonaqla Azərbaycan boksunun vəziyyəti, gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi apardı. Ölkədə boksa bundan sonra xüsusi diqqət yetiriləcəyini vurğulayan prezidentimiz Ənvər Çoudrinin də bu işdə ona yardım göstərəcəyindən əminliyini ifadə etdi.

87 - Futbolinfo.az

Görüş zamanı Heydər Əliyevin təklifi hamıda maraq doğurdu. Ölkə başçımız dünyada idman federasiyaları arasında yeganə müsəlman prezident kimi Ənvər Çoudrinin adına beynəlxalq turnir keçirilməsini təklif etdi. Heç şübhəsiz ki, qonaq tərəfdən bu təklif məmnunluqla qəbul edildi və çox keçmədən belə bir yarış Bakıda ənənəvi hala çevrildi.

Azərbaycan idmanının dostuna çevrilmiş Ənvər Çoudri sonralar dəfələrlə ölkəmizə təşrif buyurmuş və hər dəfə də Heydər Əliyev onunla şəxsən görüşmüşdü. Dünya şöhrətli veteranın ölkəmizdə boksun inkişafında rolunu nəzərə alaraq, Ümummilli Lider 2002-ci ildə onu “Şöhrət” ordeni ilə də təltif etmişdir.

Beynəlxalq idman inteqrasiyası üçün edilən görüşlərin sayı-hesabı yox idi. Onlar arasında ikinci dəfə ölkəmizə təşrif buyurmuş Jak Roqla görüşü də qeyd etməliyik. Sonralar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti kürsüsündə Xuan Antonio Samarançı əvəz edən Roq həmin vaxt Avropa Olimpiya Komitəsinə rəhbərlik edirdi.

Şübhəsiz ki, belə mötəbər insanların gəlişi təsadüfi deyildi. Məhz onların gəlişi, yüksək səviyyədə qəbulu, ölkədə idmana verilən diqqəti hiss etmələri beynəlxalq turnirlərə ev sahibi seçimində həlledici önəm daşıyırdı. Bu baxımdan Avropa Olimpiya Komitəsinin prezidentinin bütün bu işlərlə yaxından tanışlığı gələcəkdə qitə miqyaslı yarışların ölkəmizə həvalə edilməsində mühüm rol oynadı.

Jak Roq 2000-ci ildə Bakıda Heydər Əliyevlə görüşü zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin qazandığı uğurlardan böyük qürurla söhbət açmışdı. Heydər Əliyevin idmana verdiyi diqqət beynəlxalq qurumun rəhbərliyinin gözündən qaçmamışdı. Məhz elə buna görə də Jak Roq həmin görüş zamanı yalnız dövlət başçıları üçün hazırlanmış, Olimpiya hərəkatının nizamnaməsi dərc edilmiş kitab, üzərində Avropanın təsvir olunduğu metal nimçə və Avropa Olimpiya Komitəsinin bayrağını təqdim etmişdi.

(VIII yazı ilə bu linkdən tanış ola bilərsiz)

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares: