Luçano Spaletti mövsümün sonunda “Napoli”dən ayrılacaq.

Futbolinfo.az xəbər verir ki, neapolluların baş məşqçisi iki həftə əvvəl klub prezidenti Aurelio De Laurentisə qərarını açıqlayıb.

Spaletti bu barədə komandanın futbolçularını A Seriyasının 36-cı turunun “İnter”lə oyunundan (3:1) öncə məlumatlandırıb.

“Napoli”dən ayrıldıqdan sonra Spallettinin yeni komanda ilə işə başlamazdan əvvəl bir mövsümlük istirahət edəcəyi bildirilir.

“Napoli” Spalettinin rəhbərliyi altında bu mövsüm 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.

Bu komandanı yeni mövsümdən hazırda “Atalanta”nın baş məşqçisi olan Can Pyero Qasperini çalışdıra bilər. “Napoli” rəhbərliyi Spalettidən sonra “sükan”ı Qasperiniyə tapşırmağı düşünür.

Məlumata görə, De Laurentis artıq Qasperiniyə mövsümlük 4 milyon avro maaşla iki illik müqavilə təklif edib.

Qasperini 2016-cı ildən “Atalanta”nı çalışdırır və bu müddət ərzində komandanı üç dəfə A Seriyasında üçüncü yerə, iki dəfə İtaliya kubokunun finalına çıxarıb.

Shares: