“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov beynəlxalq mükafata layiq görülüb. O, ədalətli oyun prinsiplərinə sadiqliyinə görə fərqləndirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Qurbanovun 2022-ci il Ümumdünya Ədalətli Oyun mükafatları üçün namizədliyini vermişdi. Məşqçi 2022-ci ildə ədalətli oyun jesti üçün nəzərdə tutulan Pyer De Kuberten mükafatına və karyerası ərzində etdiyi feyr pley hərəkətlərinə görə nəzərdə tutulan Jan Borotra mükafatına AİJA tərəfindən namizəd göstərilmişdi.
AİJA-nın 1-ci vitse-prezidenti və AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadənin sports.az saytına verdiyi məlumata görə, Beynəlxalq Feyr Pley Komitəsi Qurban Qurbanovu Jan Borotra fəxri diplomuna layiq görüb. Qurbanov Beynəlxalq Feyr Pley Komitəsinin keçirəcəyi 2022-ci il Dünya Ədalətli Oyun Mükafatı mərasiminə dəvət alıb. Bu haqda Beynəlxalq Feyr Pley Komitəsinin Prezidenti Jeno Kamutinin imzasıyla AİJA-ya məktub daxil olub.
Bu il “Jean Borotra World Fair Play Career” mükafatlarına dünyadan cəmi 4 nəfər layiq görülüb. Bunlar Qurban Qurbanovla yanaşı amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunaydır.
Xatırladaq ki, Qurbanov “Qarabağ”ın Marsel “Olimpik”i ilə Bakıdakı oyunda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı. O, karyerası ərzində daha bir neçə dəfə ədalətli oyun prinsiplərinə sadiq qalıb. Hakimlərin təyin etdiyi haqsız penalti zərbəsindən imtina və s. kimi bir neçə fakt Beynəlxalq Feyr Pley Komitəsinə təqdim olunmuşdu.