MBA-da dünən keçirilən oyundan sonra ikinci finalçı müəyyənləşə bilərdi. “Denver Naggets”in rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğratmasından sonra azarkeşlər digər yarımfinalın davam etməsini arzulayırdılar. Bunun üçün “Boston Seltiks” Mayamidə qələbə qazanmalıydı.
Həqiqətən də bu yarımfinal cütündə bostonlular quru hesabla məğlubiyyətə layiq deyillər. İlk iki oyunda evdə uğursuzluqdan sonra səfərdə də qalib gələ bilməmələri vəziyyəti kritik həddə çatdırmışdı. Lakin dünən “Seltiks” qələbə qazanaraq azarkeşlərini bir qədər ümidləndirib – 116:99.
“Hits” üzərində 4-cü qarşılaşmada qələbənin memarlarından biri Ceyson Teytum olub. Boston komandasının lideri görüşü 33 xal, 11 ribaund və 7 assistlə tamamlayıb. “Seltiks”in komanda oyunu qeyd edilməlidir. Bunun təzahürü olaraq, əsas heyətin bütün oyunçuları ən azı 10 xal toplamağı bacarıb. Mayami komandasının lideri Cimmi Batler görüşü 29 xalla tamamlayıb.
Bu oyundan sonra seriyada hesab 3:1 “Mayami Hits”in xeyrinədir. Növbəti oyun Bostonda keçiriləcək.
Qərb konfransının finalı başa çatdıqdan sonra “Leykers”in ulduzu Lebron Ceyms karyerasını başa vura biləcəyinə eyham vurmuşdu. MBA-nın son 20 ildə ən böyük ulduzlarından biri Karmelo Entoni isə dünən rəsmən karyerasını bitirdiyini elan edib. 2003-cü ildə draftda 1 nömrə ilə seçilən forvard təəssüf ki, MBA çempionu ola bilməyib. Bu illər ərzində 10 dəfə “Ulduzlar oyunu”nun əsas heyətində yer alan Entoninin xatirəsinə “Nyu-York Niks” komandası 7 nömrəli formanı əbədiləşdirəcək.