“Honda” şirkəti Formula 1-ə qayıdışını rəsmən təsdiq edib. Yapon şirkəti 2026-cı ildən etibarən “Aston Martin” komandasının mühərrik təchizatçısı olacaq.
Futbolinfo.az xəbər verir ki, komanda həmin ildən etibarən “Aston Marin Aramco Honda” adlanacaq. Faktiki olaraq “Honda”nın zavod komandasına çevrilməsi qarşıya qoyulan məqsədlərə çatmağa yardım edəcək. Əsas məqsəd isə çempionluq qazanmaqdır.
“Aston Martin Performance Technologies”in icraçı direktoru Martin Vitmarş bu barədə deyib: “Mercedes şirkəti çox sədaqətli tərəfdaş olmaqda qalır. Onlar çempion olmaq istəyirlər. Bizim də amalımız qələbədir. Lakin bu iki istək bir-biri ilə toqquşur. Məhz buna görə də biz belə bir qərar verdik. Birinci olmaq istəyirsinizsə, rəqiblərinizi, o cümlədən “Mercedes”i üstələməlisiniz. Bunu isə etmək asan məsələ deyil. Çünki orada intelektual cəhətdən yüksək səviyyəli insanlar toplaşıb. Əvvəllər bizim komandamız kiçik büdcə ilə münasib nəticələr qazana bilirdi. Lakin indi vəziyyət dəyişib. Biz qalib olmaq istəyirik. 2026-cı ilin reqlamentinin tələbləri böyükdür. Elə buna görə də “Honda” kimi bir böyük şirkətlə əməkdaşlığa razılıq verdik”.