“Qəbələ” avrokuboka yenilənmiş heyətlə gedəcək. Komandanın əksər əsas heyət oyunçuları yayda klubunu dəyişməyə qərar verib.

Futbolinfo.az xəbər verir ki, Feras Abu Akal və Asif Məmmədovu zədə üzündən uzun müddətə itirən mövsüm bitən kimi Məqsəd İsayevlə də vidalaşacaq. “Səbail”dən dəvət alan cinah müdafiəçisi karyerasını paytaxtda davam etdirmək niyyətindədir. Daha bir neçə yerli futbolçu kubokun finalından sonra aldıqları dəvətlərlə bağlı qərarını verəcək.

“Qəbələ”nin əsas problemi legionerlərlə bağlıdır. Əksər əcnəbi futbolçular digər klublardan daha sərfəli təklif alıb. Rafael Utziq qışda gedişinə icazə verilmədiyi üçün bugünədək istənilən səviyyədə çıxış etmir və mövsüm bitən kimi yeni iş yerinə daşınacaq. Ruan Renato və İsnik Alimini isə indidən “Zirə”nin futbolçusu saymaq olar. Felips Santos da baş məşqçi Elmar Baxşıyevdən narazıdır və uyğun təklif gələn kim Qəbələ ilə vidalaşacaq.

Əsas heyətin bu qədər futbolçusunun klubdan ayrılması heç də yaxşı deyil. Avrokubok mövsümünün startına kimi yeni futbolçular tapıb heyəti komplektləşdirmək, yaxşı komanda formalaşdırmaq asan olmayacaq. Çünki gedənlər faktiki “Qəbələ”nin oyun tərzini formalaşdıran futbolçulardır.

Qeyd edək ki, “Qəbələ” hələ avrokuboklara vəsiqəni rəsmiləşdirməyib. Komanda son turda evdə “Kəpəz”ə uduzmasa, buna nail olacaq. Hətta “Zirə” qələbə qazanmayacağı halda məğlubiyyət də Baxşıyevin yetirmələri üçün heç nəyi dəyişməyəcək. Çempionatda işlər tərs getsə belə, “Qəbələ”nin ölkə kubokunu qazanaraq Konfrans Liqasına getməsi mümkündür. Amma çox güman ki, komanda ilə son turda bütün suallara nöqtə qoyacaq.

Bu vəziyyətdə olan komandanın avrokuboklarda uğurlu çıxışı isə mümkünsüzdür. Əksər klublarımızın iş metodu belədir. Bütün mövsüm boyu avrokuboka vəsiqə üçün yarışırlar, ora çatanda isə məlum olur ki, hətta ilk mərhələni keçməyə ümid yoxdur.

AĞA

Shares: