“Bizim üçün çətin oyun keçdi. Vəziyyətimiz yaxşı deyildi, amma bu qələbə hər şeyi sığortaladı. Ona görə də xüsusi sevinirik” – bunu futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Todor Todorski deyib.

Şimali makedoniyalı futbolçu Misli Premyer Liqasının 35-ci turunda “Qarabağ” üzərindəki 2:1 hesablı qalibiyyətlərindən danışıb: “Biz bu qalibiyyətə inanırdıq. Çünki peşəkarıq və hər zaman meydana qələbə qazanmaq üçün çıxırıq. Fərqi yoxdur ki, qarşımızdakı rəqib “Qarabağ”dır, “Kəpəz”dir, ya “Şamaxı”dır”.

Todorski “Sumqayıt”ın növbəti mövsüm iddialı olacağına da inanır: “Bu mövsüm hədəfimiz sadəcə, liqada qalmaq idi. Amma növbəti mövsüm daha yuxarı yerlər üçün oynayacağıq. Komandamla bir illik müqaviləm var. Əgər baş məşqçi və klub rəhbərliyi məndən razıdırsa, burada qalmağa şad olaram”.

24 yaşlı oyunçu rəqib futbolçu Ramil Şeydayevlə aralarında olan mübahisə barədə xəbərlərə də münasibət bildirib: “Onunla heç bir problemimiz yoxdur. Sadəcə, meydançada gərginlik yarandı və orada da bitdi. Kənarda heç bir şey olmayıb, xüsusi nəsə yoxdur”.

Xatırladaq ki, “Qarabağ” – “Sumqayıt” oyununda (1:2) başlayan mübahisə matçdan sonra stadionun koridorlarında davam edib. Yerli futbolçular haqda xoşagəlməz ifadələr işlətdiyi və buna görə Şeydayev tərəfindən döyüldüyü deyilən oyunçu bütün bunları təkzib edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp