Almaniyanın “Bayer” klubunun qapıçısı Andrey Lunyov ölkəsi Rusiyaya qayıtmayacaq. Futbolinfo.az saytı xəbər verir ki, bunu 32 yaşlı qolkiperin ilk məşqçisi Dmitri Qulenkov açıqlayıb.

Onun sözlərinə görə, Lunyov avrokuboklarda müntəzəm çıxış edən bir klubda oynamaq fikrindədir: “Onun ambisiyaları var, hələ də əsas qapıçı kimi oynamaq, öz potensialını tam göstərmək istəyir. Əslində, Andreyə Rusiyadan təklif gələcəyinə də inanmıram”.

Qulenkovun bu açıqlamasını bir ildir qapıçı ilə maraqlanan Azərbaycan çempionu “Qarabağ” üçün şad xəbər saymaq olar. Ağdamlıları narahat edən yeganə məqam Lunyovun zədəyə meyilli olmasıdır. Klub hələ də qapıçının meneceri ilə təmaslarını davam etdirir.

Qeyd edək ki, “Bayer”lə müqavilə müddəti mövsümün sonuna qədər olan Andrey Lunyov iyulun 1-dən azad agent statusu daşıyacaq.

Shares: