Ramil Şeydayevin bu yay “Qarabağ”dan ayrılacağı böyük ölçüdə dəqiqləşib. Əslində, hücumçunun Ağdam klubunu tərk edəcəyi gözlənilən idi, qış fasiləsindən sonra bu haqda xeyli yazılıb. Amma millimizin üzvünün seçimi çoxları üçün şok olub.
Forvard ilə Rusiyanın “Rostov” klubu yaxından maraqlanıb, eləcə də “Ferentsvaroş” və “Hapoel Beer Şeva” onu heyətində görmək istəyib. İsrail təmsilçisi hətta Şeydayevə rəsmi müqavilə təklif edib və 400 min avrodan çox maaş da verməyə hazır olub. Ancaq futbolçu sonda Tayland variantını seçib.
Karyerası ərzində hazırda bəlkə də ən yaxşı dönəmini keçirən hücumçunun 27 yaşında Asiyanın ekzotik ölkəsinə yollanmasının yalnız bir səbəbi ola bilər – pul! Ramil Taylandda 2 il ərzində 1,5 milyon avro qazanacaq. Nə “Qarabağ”, nə də “Rostov” “Buriram Yunayted”in bu təklifini təkrarlaya bilib. Əlbəttə, azərbaycanlı futbolçu üçün böyük pullardır. Lakin Şeydayevin yaşını və potensialını nəzərə alsaq, Rusiya, İsrail və ya Macarıstan klubuna yollanması daha yaxşı olardı. Hər halda, maaş planında indi uduzsa da, gələcəkdə özünü göstərib, bir müddət sonra isə daha üstün komandaya keçə bilərdi. Bununla məvacibi də artacaqdı. Görünür, forvard üçün maliyyə məsələsiməhz indi çox vacib olub, ya da inkişaf edə biləcəyinə inanmayıb.
Bəs, Şeydayevin üz tutacağı Tayland çempionatı haqda ümumən nələri bilirik? Hücumçunun yeni klubunun hansı uğurları var? Bu keçid futbolçu üçün hansı perspektivləri vəd edir?
Avropadan fərqli olaraq, Asiya klub turnirləri reytinqi son 5 deyil, 8 mövsümə əsasən formalaşır. Tayland çempionatı 47 ölkənin yüksək liqası arasında 8-ci pillədə qərarlaşıb. Bu, kifayət qədər yaxşı göstəricidir. Tayland çempionatı yalnız Səudiyyə Ərəbistanı, Yaponiya, Koreya, Qətər, İran, BƏƏ və Çin kimi futbol planında qitənin sayılıb-seçilən ölkələrindən geri qalır. Taylandın həmin cədvəldə Özbəkistan, İraq və Avstraliyanı qabaqlası isə xoş sözlərə layiqdir.
Amma bir məsələni mütləq qeyd edək. Koronavirus bəzi ölkə çempionatlarının reytinqinə təsir göstərib. Məsələn, bu bəlanın yayıldığı Çin 2021 və 2022-ci illərdə, demək olar, xal yığa bilməyib (cəmi 1,3 bal). Eləcə də uzaq Avstraliyaya zərbə dəyib: klubları 2021-ci ildə qitə turnirlərində iştirak etmədiyi üçün həmin ilə görə xalsız qalıb. İstənilən halda, Taylandın reytinqin 8-cisi olması daha çox özünün əməyidir. Axı, klubları son 5 mövsümün 3-də yüksək ballar toplayıb.
“Buriram Yunayted” 1970-ci ildə yaradılıb. Buna baxmayaraq, komanda ilk böyük uğurunu gözləmək üçün 38 il gözləməli olub! 1970-2010-cu illər aralığında klub PEA (Əyalət Elektrotəchizat İdarəçiliyi) adlandırılıb, 1998-ci ildə 3-cü Divizionun qalibi kimi 2-ci Diviziona vəsiqə qazanıb. Elitaya yüksəlməsi üçün “Buriram Yunayted” daha 6 il gözləməli olub. Maraqlıdır ki, komanda burada ilk mövsümündəcə 2-ci yeri tutmaqla hamını təəccübləndirib, eyni zamanda, Asiya Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. Ancaq PEA-ya həmin vaxt ilk beynəlxalq təcrübəni yaşamaq qismət olmayıb. Klub iştirak ərizəsini vaxtında doldura bilmədiyinə görə yarışdan kənarlaşdırılıb.
Azarkeş sayının azlığından əziyyət çəkən PEA bu problemi həll etmək üçün 2008-ci ildə Taylandın mərkəzi əyalətlərindən biri sayılan Ayutthayaya köçüb. Bu qərar uğurlu alınıb və komanda yeni bölgədə yerli məşqçi Prapol Ponqpaniçin başçılığı altında ilk mövsümündəcə çempion olub! Hərçənd Çempionlar Liqasında yenə istənilən nəticə gəlməyib: PEA ilkin mərhələdə mübarizəni dayandırıb.
2009-cu ildə komanda çempionatı 9-cu yerdə bitirib. Məşqçi dəyişikliyi nəticəsində komanda tarixində ən böyük yüksəlişi ilə yadda qalıb. Klub siyasətçi olan Nyuin Çidçobun əlinə keçib, nəticədə yenə yer dəyişikliyi ilə yadda qalıb. 2010-cu ildə bu komanda Buriram məntəqəsinə köçüb və “Buriram PEA” adı ilə tanınmağa başlayıb. 2012-ci ildə isə “Buriram Yunayted” adı qeydiyyatdan keçib. Məhz yeni sabibkarın dövründə komanda 8 dəfə liqa çempionluğunu qazanıb və 3 dəfə gümüş medallara layiq görülüb. Bununla yanaşı, millimizin üzvünün yollanacağı klub 4 dəfə Kral Kubokunu, 5 dəfə ölkə kubokunu, 7 dəfə isə liqa kubokunu qazanıb.
“Buriram Yunayted” Asiya Çempionlar Liqasında son 10 mövsümdə 9 dəfə iştirak edib. Ən yaxşı nəticəsi 2013-cü ildə 1/4 final və 2018-ci ildə 1/8 final olub. Hazırda bu komandanı yaponiyalı mütəxəssis Masatada İşi çalışdırır. Onun başçılığı altında buriramlılar 3 kubok qazanıb. Amma daxili arenada “Buriram Yunayted”ə ən böyük təhlükə yaradan komanda “Muanqtonq Yunayted”dir. Elə çempionat da məhz bu iki klubun poliqonuna çevrilib – 2009-cu ildən bu yana yalnız ikisi liqa çempionu olur.
İki klubun rəqabəti əhalinin fərqli qatlarının dəstəyində də müşahidə olunur. “Buriram Yunayted”i əsasən kəndlilər, “Muanqtonq”u Banqkok regionunun şəhərliləri dəstəkləyir. Amma “Muanqtonq”un Taylandın Futbol Assosiasiyası ilə münasibətləri əladırsa, Çidçob tez-tez qurumun şəffaflığını şübhə altına alır.
Taylandın bir nömrəli derbisinə gəlincə, “Buriram” uzun müddət bu mübarizədə dominantlıq edib. Hətta 2016-cı ilə qədər bu rəqibinə uduzmayıb. Azarkeşlərinin devizi – “kimə uduzuruqsa, uduzaq, təkcə Muanqtonqdan başqa” şüarı ölkə futbolunda ən məşhur şüardır.
Yeri gəlmişkən, “Buriram Yunayted” Avropanın aparıcı klubları ilə əməkdaşlıq etməsilə də diqqət çəkir. Bu mənada Dortmund “Borussiya”sı və “Lester”i xüsusi fərqləndirə bilərik. Komandanın stadionu “Çang Arena” 32600 azarkeş tutumuna malikdir ki, bu da ölkənin ikinci arenası sayılır. “Buriram Yunayted” 2011-ci ildə bu stadiona köçəndən sonra oyunlarına gələn azarkeş sayında liderdir.
İndi də qısaca olaraq komandanın transfer siyasətindən danışaq. Bəli, gördüyünüz kimi Ramil Şeydayev bu komandaya azad agent status ilə yollanır. Məsələ ondadır ki, “Buriram Yunayted”in heyətinin 99 faizi məhz belə oyunçulardan ibarətdir. İndi diqqətinizə çatdıracağımız bir fakt bütün suallara aydınlıq gətirəcək: bu klubun rəhbərliyi son 19 ildə cəmi 12 futbolçuya görə pul ödəyib. Klubun rekord məbləğə transfer etdiyi oyunçusu isə tailandlı dayaq yarımmüdafiəçisi Anuvat Noiçeunphan olub. Ona görə 795 min avrolarından keçiblər.
Vaxtilə ölkəmizdə oynamış “Zirə”nin sabiq hücumçusu Nelson Bonilya da Portuqaliyada və Türkiyədə çıxış etdikdən sonar Taylanda yollanıb. Amma o ölkənin adlarını çəkdiyimiz iki aparıcı komandasında çıxış etməyib. Bu ölkədə 3 komanda dəyişdikdən sonar salvadorlu futbolçu hazırda “Çianqray Yunayted”də çıxış edir.
“Buriram Yunayted”in hazırda aparıcı legionerlərinə gəlincə, bu mənada Sloveniya millisində 12 oyunda meydana çıxan Haris Vukçiçi fərqləndirmək olar. 30 yaşlı hücumçu 2009-17-ci illərə qədər “Nyukasl”a məxsus olub və bu komandada 7 oyuna çıxıb. O, həmçinin “Tvente” və “Saraqosa”da da oynamağa imkan tapıb. Bununla yanaşı, “Əskişəhərspor”, “Osasuna”, “Arsenal” (Tula) və “Srvena Zvezda”da oynamış serbiyalı yarımmüdafiəçisi Qoran Çauşiçi də unutmaq olmaz. 29 yaşlı İsveçli dayaq yarımmüdafiəçisi Filip Roqiçi fərqləndirə bilərik. Bu il “Buriram Yunayted”ə yollanan Roqiçin ölkəsində oynadığı ən məşhur klub AİK olub. Tayland klubunda 32 yaşlı qvineyalı hücumçu Lonsana Dumboyanın da Avropa təcrübəsi var. O, vaxtilə Belçikanın “Tubize” və “Serkl Brügge”, Şotlandiyanın “İnverness” və Avstriyanın “Sankt Pölten” klublarında çıxış edib.
Gördüyünüz kimi, bu legionerlərin hamısı yaşça Ramildən böyükdür. Dəyərmi, yəni? Belə çıxır, Şeydayev təzyiqi olmayan çempionatda rahat pul qazanmaq istəyir. Deməli, Kvaratsxeliya və Mamardaşvili kimi gürcü futbolçular günbatana yollandığı halda, bizimkilər günçıxana gedir.
ABBAS