“Çelsi”nin müvəqqəti baş məşqçisi Frenk Lempard “Mançester Yunayted”lə bu gün baş tutacaq oyunöncəsi mətbuat konfransı keçirib. İngilis mütəxəssis 32-ci turdan təxirə salınan oyun ərəfəsində bəzi futbolçular barədə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, Lempard başqa klublardan ciddi təklif alan Meyson Mauntun müqaviləsini uzadıb qalacağına əmin deyil: “Onu istedadlı dəliqanlı kimi çox sevirəm. Nə edəcəyi barədə danışmaq mənim üçün çətindir, çünki beynində nələr olduğunu bilmirəm. Həm o, həm də Ris Ceyms kimi futbolçuların oynamasını təmin etmək lazımdır. İdeal durumda istənilən futbolçunun komandasında qalması gərəkdiyini düşünürəm, lakin müasir futbolda başqa şeylər də görürük”.
Lempard yeni transfer Entso Fernandesi də tərifləyib: “Məşqdə lazım olan hər şeyi edir. Yüksək istedada malikdir, məni heyran etdi. Oyunlara, məşqlərə yanaşması, qərarlı olması sevindiricidir. Dünya çempionu oldu, indi isə Premyer Liqaya uyğunlaşmağa çalışır. O, yarımmüdafiədə istənilən vəzifəni icra edə bilər. Zamanla daha yaxşı olacağına ümid edirəm”.