AFFA İntizam Komitəsinin yeni tərkibi sələflərindən daha ədalətli davranmağa çalışır. İnsaf naminə, olaylara daha operativ reaksiya verilir, demək olar, heç nə diqqətdən yayınmır. Bəzən protokolda qeyd olunmayan, mətbuatın qabartdığı məsələlərə də biganə qalmırlar.
Amma qurumun həmişə ədalətli olduğunu deyə bilməyəcəyik. Sanki bəzən komandalar arasında fərq qoyulur, ikili standartlar tətbiq edilir. İndiyədək yalnız bir belə olayla rastlaşmışıq və səbəbini komitə üzvlərindən eşitmək maraqlı olar.
Son iki oxşar olay “Turan Tovuz”un matçlarında reallaşıb. Sanki bu komandanı görən rəqibləri tərbiyəsizlik etməyi lazım bilir. Necə ki, son turda bunu Qoba Zakpa etdi və cəzasını aldı. “Səbail”in futbolçusu Tovuzda 2:2 hesabı ilə bitən matçda etdiyi qeyri-etik jestə görə haqlı olaraq cəzalandırıldı. Hətta klubu canlı yayımlanan oyundakı jestə görə onu ölkədən qovsa, daha çox alqış alar.
Amma məsələ ondadır ki, bir tur əvvəl eyni xoşagəlməz jesti edən “Qəbələ” futbolçusuna belə cəza tətbiq edilmədi. 34-cü turun ev oyununda “qırmızı qaralar”ın futbolçusu Felipe Santos da oxşar hərəkət etmişdi. Lakin nə hakimlər, nə də İntizam Komitəsi bu olaya reaksiya verməmişdi. Sanki “Qəbələ”nin futbolçusunun qeyri-etik jest etməsinə göz yumula bilər. Bəlkə klub rəhbərliyi daha hörmətlidir, ya da İntizam Komitəsinin üzvlərinin bölgə təmsilçisindən ehtiyatlanmasının səbəbi var. Lakin Zakpaya kəsilən haqlı cəzadan Santosa da düşürdü.
Zakpa hərəkəti ilə ən böyük zərbəni komandasına vurdu. Son turda “Şamaxı”ya qarşı ölüm-dirim matçında “Səbail”in bu hücumçunun qollarına ehtiyacı olacaq. Və bir ağılsız jestlə o, bəlkə də mövsümün yekununa təsir edəcək. Lakin İntizam Komitəsinin ikili standartı şübhəli görünür. “Qəbələ”nin hücumçusunun hərəkətinə göz yumub Zakpanı cəzalandırmaq bəlkə hansısa məqsədə xidmət edir? Yoxsa Premyer Liqada “Səbail”in yox, “Şamaxı”nın qalması lazımdır? İntizam Komitəsində belə məkrli planın qurulduğunu iddia etmirik, lakin görüntü belədir.