Nə birincidir, nə də sonuncu. Artıq neçə ildir I Divizionda komandalar, futbolçular, müxtəlif şəxslər danışılmış oyunlara görə cəzalanır. Həbsə atılanlar, futboldan ömürlük uzaqlaşdırılanlar sıralanır, “xəstəlik” isə bitmir.
Əslində, bütün bu olayların səbəbkarı elə AFFA özüdür. Sabiq baş katib və icraçı vitse-prezident Elxan Məmmədovun yarıtmaz idarəçiliyinin meyvələrini toplayırıq. Bütün diqqəti Premyer Liqaya yönəldən, digər yarışlara barmaqarası baxan AFFA rəhbərliyinin günahları fəsadlarını göstərir.
Qumarın Diviziona ayaq açmasının, inkişaf edib böyüməsinin əsas səbəbi yarışa nəzarət edilməməsi, elitaya buraxılmamaqla komandaların stimulunun əlindən alınmasıdır. Faktiki heç bir ciddi məqsəd üçün mübarizə aparmaq imkanı olmayan futbolçular az maaşla kifayətlənib, belədə əlavə qazanc yolu axtararkən işbazların toruna düşüb. Ona görə də əminliklə iddia etmək olar ki, nəticəsi manipuliyasiya edilən oyunların reallaşmasının əsas səbəbkarı məhz elə AFFA özüdür.
İndi Premyer Liqada komanda sayını artırmaqdansa, sağlam yarış təşkil etmək, Diviziona diqqəti artırmaq lazımdır. Klubların büdcələri artırılmalı, Premyer Liqaya yüksəlmək şübhəsi olmayan mexanizm yaradılmalıdır. Ki, futbolçular həqiqətən mübarizə aparmağa, qələbə qazanmağa dəydiyini anlasınlar. Əks halda, stimulsuzluq danışılmış oyunların sayını daha da artıracaq.
Son siyahıda ən təəssüf doğuran məqam cəzalananların əksəriyyətinin MOİK üzvü olmasıdır. Müdafiə Nazirliyinə tabe olan bu klubun rəhbərliyi dərhal qovulmalı, iş başına sağlam insanlar gətirilməlidi. Bizi qürurlandıran qalib ordunu təmsil edən komanda bu qədər miskin olayların müzakirə obyekti olmamalıdır.
Qərarda başqa bir məqam cəzalandırılanların eyni səbəbdən bu aqibətlə üzləşməsidir. Belə ki, guya hamı xəbəri olub məlumat verməyiblər. Bəs, bu qumar oyunlarını təşkil edənlər, oynayanlar hanı? Onlar niyə cəzalanmayıb?
AĞA