Ramil Şeydayev “Qarabağ”ın tarixinə düşə bilmədi. AFFA İntizam Komitəsinin qərarı ilə cəzalanan futbolçu son turu buraxacaq. Bu isə o deməkdir ki, millimizin üzvü Premyer Liqada qol sayını artırmayacaq.

Futbolinfo.az xəbər verir ki, Şeydayev hazırda 22 qolla bombarlər yarışına başçılıq edir. 27 yaşlı hücumçu daha bir qol vuracağı halda, “Qarabağ”la çempionatda bir mövsümdə ən çox qol vuran futbolçu adını qazanacaqdı. Ötən tur “Sumqayıt”la matçda (1:2) penaltini boşa verməklə şansını qaçıran Ramil indi də cəza üzündən Reynaldonu ötmək imkanını əldən verdi. Şeydayev hazırda braziliyalı hücumçusunun rekorduna şərikdir. Reynaldo 2013/2014 mövsümündə Premyer Liqada 22 qolla bombardir olub.

İndi onu keçmək üçün ən real fürsət Musa Qurbanlıdadır. Hazırda hesabında 20 qol olan hücumçu “Turan Tovuz”la son ev matçında het-trik edə bilsə, həm Ramili keçərək çempionatın bombardir olacaq, həm də Reynaldonu unutduracaq.

Ramilə gəlincə, gələn həftə yeni klubu ilə müqavilə bağlamaq üçün Taylanda yollanmalı olan hücumçu səfərini tezləşdirə bilər. Onun “Qarabağ” karyerası artıq başa çatıb.

Shares: