“Təqsirləndirildiyim hərəkəti heç kəsə qarşı etməmişəm. Nə azarkeşlərə, nə rəqibə qarşı qeyri-etik bir şey olmayıb”. Bunu futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Qoba Zakpa deyib.
Portuqaliyalı hücumçu Misli Premyer Liqasının 35-ci turunda “Turan Tovuz”la 2:2 hesablı heç-heçə etdikləri matçda son dəqiqədə vurduğu qoldan sonra etdiyi hərəkətlə bağlı danışıb. O, həmin hərəkətinə görə bu gün AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına da toxunub: “Mən qol vurduqdan sonra ənənəvi şəkildə sevindim. Sonra paltarımda problem yarandı, onu düzəltməyə çalışırdım. Yanlış anlaşılma olmasın deyə hətta üzümü heç kəsin olmadığı tərəfə yönəltdim. Qərara hörmətlə yanaşıram və belə olacağını gözləmirdim. Çünki dediyim kimi, hərəkəti bilərəkdən etməmişəm. Burda heç kimə qeyri-etik nəsə nümayiş etdirməyimdən söhbət gedə bilməz. Etdiyim hərəkət yanlış anlaşılmaya səbəb olub, bütün azarkeşlərdən, Azərbaycan futbol camiəsindən üzr istəyirəm”.
Xatırladaq ki, “Səbail” son turun oyununa kimi futbolçulara mətbuatla ünsiyyət saxlamağı qadağan etmişdi. Lakin məlum səbəbdən bu qadağanı pozdular. Deməli, qadağalar özlərinə lazım olanda, bəraət ararkən pozulmaq üçün imiş…