AFFA MOİK-i I Diviziondan uzaqlaşdırmaq istəyir. Səbəb komandanın adının danışılmış oyunlarda çox hallanmasıdır. Elə dünən verilən cəzaların hamısının bu kluba aid olması təsadüfi deyil.
Futbolinfo.az xəbər verir ki, “hərbçilər”in 6 futbolçu danışılmış oyunlar üzündən futboldan uzaqlaşdırıldı. Və onlar ilk deyillər. Əvvəllər də AFFA bu komandanın bir neçə üzvünə cəza verib.
Daha öncə onlarla şəxs futboldan kənarlaşdırılarkən onların klubları da müvafiq cəza alırdı. “Rəvan”, “Şərurspor” məhz bu səbəbdən yarışlardan uzaqlaşdırılıb, “Şahdağ”, “Göyəzən”, “Bakılı”, “Energetik” və başqaları da rəhbərliklərinin əməlləri üzündən kənarda saxlanılır. İndi növbə MOİK-ə çatıb. Yarışlarda ədaləti qorumaq, çirkli oyunların qarşısını almaq üçün bu komanda da hədəfdədir.
İş ondadır ki, AFFA növbəti mövsümdə I Divizionda çıxış edəcək komandaların siyahısını müəyyənləşdirir. Artıq 10-a yaxın komandaya ilkin razılıq verilib, “İmişli”, “Zaqatala”, “Mingəçevir” və başqalarının növbəti mövsümdə Divizionda oynayacağı dəqiqdir. Assosiasiya yetərli say düzələcəyi təqdirdə MOİK-i də kənarda saxlamaq istəyir. Artıq Müdafiə Nazirliyinin də komandasını qorumaq imkanı yoxdur, cəzalar üz qızardır.
Qarşıdakı günlərdə bir çox məsələlərə aydınlıq gəlməlidir. Bərbad vəziyyətdə olan MOİK-də rəhbərlik dəyişməzsə, klub daha işlək idarəetmə mexanizmi yaratmazsa, Diviziondan kənarda qalacaq. AFFA “hərbçilər”ə bunun üçün vaxt verib.
Ümumiyyətlə, MOİK-də əlaqə saxlamaq, problemlərlə maraqlanmaq üçün kimsə yoxdur. Olanlar da sanki hərbi sirr saxlayırlarmış kimi danışmaqdan imtina edir, məsuliyyəti üzərindən atır. Məsələn, dünən klubdan az-çox tanıdığımız iki nəfərlə əlaqə saxladıq. Onlardan biri öncə telefona cavab verdi və həmən danışığı kəsdi, daha sonra zənglərimizi açmadı, digəri isə son olaylar barədə bizimlə söhbət etdikdən sonra adının çəkilməməsini xahiş edərək açıqlama verməkdən boyun qaçırdı.
Ümid edirik, heç olmasa, bu yazıdan sonra bizimlə danışmaq istəyən tapılacaq. Yiyəsiz təsiri bağışlayan MOİK-in yaşayıb yaşamayacağı sual altındadır. AFFA belə vəziyyətdə olan komandanı Diviziondan kənarlaşdırmaqla əslində doğru edir. Qalib ordunun bu qədər miskin komandası olmamalıdır.
FƏRİD