Hər ölkənin milli çempionatı, digər daxili yarışları bir-birindən fərqli olduğu kimi onların təşkilatçılığında da müxtəliflik var. Bu fərqlilik əsasən ölkənin ərazisindən, peşəkar futbol klublarının sayından, hətta iqlimindən asılı olur.

Daxili yarışların keçirilmə sistemində hansı variantın daha doğru olduğunu iddia etmək absurddur. Şərtlər bütün komandaları qane edirsə, deməli, həmin ölkə üçün ən ideal variant da məhz budur. Ona görə hansısa ölkəni nümunə götürmək doğru olmazdı. Amma bu o demək də deyil ki, nümunəvi sistemlərdən yararlanmamalıyıq.

Məsələn, Misli Premyer Liqasında komanda sayı az olsa da, 4 dövrəninin keçirilməsini nəzərə alsaq, uzun bir mövsümü geridə qoyduğumuzu söyləmək olar. Hər halda, 36 tur yetərincə uzun marafonudur. Lakin komandaların bir-birini bezdirməsi odun üstünə yağ tökür. Təsəvvür edin ki, bir komanda ilə 4 dəfə qarşlaşdığın halda, kuboka görə bu rəqəm 5-ə və ya 6-ya da yüksələ bilər. Sanki basketbolda seriya matçına çıxırsan. Belə olan halda, mövsümün “qırsaqqız” kimi uzanması heç yerinə düşmür.

Problem ondadır ki, keçmişdə necə olubsa, eyni modellə də hərəkət etməyə çalışırıq. 8 komandalı çempionatda ölkə kubokunun final matçını Premyer Liqa matçları bitəndən sonra keçirmək problem deyildi. 28 tur elə də faciəli rəqəm deyil. Amma bu mövsümdən 10 komandalı liqa təşkil edəndən sonra kubokun finalını yenə də sona saxlamaq heç yerinə düşmür. Birdən-birə 6 tur da artır və sən futbolçuları yayın cırhacırında süründürməyə davam edirsən. Vay o gündən ki, finala çıxırsan.

Məsələ ondadır ki, əvvəllər Azərbaycan Kuboku mayın 28-də keçirilirdi. Respublika Gününü belə təmtəraqlı və titullu oyunla başa vurmaq yaxşı ideya idi. Amma sonradan bu tendensiyadan vaz keçdilər. Daha doğrusu, 1-2 dəfə həmin gündə finalın təşkili ilə bağlı maneələr çıxdıqdan sonra bu ənənə unudulmağa başladı. Əslində, məhz 28 may günü belə desək, “bron” edilsəydi, bu yazını qələmə almağa dəyməzdi. Amma konkret bir gün şərt deyilsə, o zaman ölkə kubokunun təqviminə əl gəzdirmək pis olmazdı.

Təklif edirik ki, ölkə kubokunun final matçı Premyer Liqada mövsüm başa çatmamış keçirilsin. Onsuz da Azərbaycan Kuboku 1/32 və ya 1/16 final mərhələsindən başlamır. I diviziondan ora maksimum 4 komandanı qoşub  1/8 final mərhələsindən başlayaraq 4 mərhələ ilə turnirin “başını bağlayırlar”. Fransa və Almaniya kimi ölkələrdə region liqalarında çıxış edənlər bu turnirdə oynadığı halda, PFL peşəkarlıq və lisenziya amillərini qabardaraq Region Liqasında oynayan klublara bu imkanı yaratmır. Lisenziyanı Premyer Liqada oynamaq imkanı olan komandalara təqdim edirsiniz, əcəb edirsiniz, amma kubokda belə bir öhdəlik yoxdur. Region Liqası klublarının infrastukturla bağlı problemləri üzündən belə addım atılırsa, belə dar çərçivədə kubok yarışı təşkil edilirsə, final da çempionatdan əvvəl baş tuta bilər.

“Böyük beşlik” ölkələrində belə formatdan istifadə edənlər var. Məsələn, bu mövsüm İspaniya çempionatı davam etdiyi halda, artıq kubok yarışına çoxdan yekun vurulub. Mayın 7-də İspaniya Kubokunun finalında “Real” “Osasuna”nı 2:1 hesabıyla məğlub etdiyini xatırlayarsız. Fransa da aprelin 29-da “Tuluza” “Nant”ı 5:1 hesabıyla məğlub edərək ölkə kubokunu qazandı. İtaliya Kubokunun finalı isə srağagün keçirildi və “İnter” “Fiorentina”nı 2:1 hesabıyla məğlub etdi. “Böyük beşlik”də yalnız Almaniya və İngiltərədə kubok finalları çempionat başa çatdıqdan sonra təşkil edilir.

Doğrudur, mövsümün sonunda Almaniya və İngiltərə Kubokunda finala çıxan komandaların oyunçuları da yorğun olur. Digər komandaların futbolçuları çimərlikdə dincəldiyi vaxt onlar futbol haqda fikirləşməlidir. Amma orada oynayan futbolçular üçün ölkə kubokunun dəyəri var. Almaniya və İngiltərədə yaşadığın hər gündən həzz almağa dəyər. Bu başqa ölkələrdə də belədir. Məsələn, Türkiyə də də kubokun final matçı Superliqa bitəndən sonra keçirilir. Amma yenə də Türkiyədə futbolçular ən pis halda skautların diqqət mərkəzində olduğunu anlayır.

Bizim klublar üçün avrokubok mövsümünün erkən başlamasını da nəzər almaq lazımdır. Builki finalda oynayacaq “Neftçi  ilə “Qəbələ”nin oyunçuları iyunun 3-də ölkə kubokunda həlledici matça çıxacaq, 10-15 günlük istirahətə gedəcək, sonra qayıdıb yeni mövsümə hazırlaşacaq. Finala “Qarabağ” çıxsaydı, ağdamlıların vəziyyəti daha kritik olardı. Çünki Çempionlar Liqasında mübarizəyə daha erkən start verilir. Çempionluğa oynayan “Qarabağ”ın futbolçusu titul qazanacağını bildiyi halda kubokun finalının iyunun 3-də keçiriləcəyini bilib martda 1/4 final mərhələsində meydanda can qoymağı arzulamaz. Titul yaxşı şeydir, amma bildiyin Azərbaycan kubokudur da.

Gördüyünüz kimi, son 10 ildə 9 dəfə Azərbaycan çempionu olan “Qarabağ” bu müddət ərzində yalnız 4 dəfə ölkə kubokunu qazanıb. Eyni komandalardır, niyə burada da eyni qəhrəmanlığ təkrarlamasın? Əsla demirik ki, burada kubokun gec başa çatmasının böyük rolu var. Sadəcə, bu komandanın legionerləri turnirə Premyer Liqa kimi ciddi yanaşmır. Ümumiyyətlə, avrokuboklara ayırdıqları diqqəti heç ölkə çempionatına əks etdirmirlər, o ki qala kuboka. Ona görə təqvimi nəzərə alıb burada da motivasiyasız oynayırlar. Halbuki, kubokun finalı erkən keçirisəydi, rəqibləri onların əlindən almaq mümkün olmayacaqdı.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp