2015-2016 mövsümündə Azərbaycanda “Zirə”nin formasını geyinmiş, 29 oyunda 14 qol vuraraq komandanın gümüş mükafat qazanmasında böyük rol oynamış, hazırda isə Taylandda – “Çianqray Yunayted”də legioner həyatı yaşayan salvadorlu hücumçu Nelson Bonilyanın futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan çempionatını izləyirsiniz?

– Açığı, izləmirəm. Sadəcə, keçmiş komandam “Zirə”nin nəticələrinə baxıram.

– Yəni “Zirə”nin hazırkı durumundan xəbərdarsınız?

– Bəli, komandanın turnir cədvəlinin 5-ci pilləsində yer aldığını bilirəm. Sona bir tur qalıb və hələ də 4-cü yerə şansları davam edir. “Zirə”ni sosial şəbəkələrdən də izləyirəm.

– Ümumiyyətlə, “Zirə”ni, burada keçirdiyiniz dönəmi necə xatırlayırsınız?

– “Zirə”ni heç vaxt unutmamışam. Çünki ən gözəl vaxtlarımdan bir hissəsini Azərbaycanda keçirdim. İstər klub rəhbərliyi, istər komanda heyəti, istərsə də azarkeşlər məni çox sevirdilər. Onların rəftarı nümunəvi idi. Bakı isə indiyə qədər gördüyüm ən gözəl şəhərlərdən biridir.

– “Zirə”də keçirdiyiniz yeganə mövsümdə 14 qol vurdunuz, bombardirdən cəmi 1 top geri qaldınız. Burada niyə qalmadınız?

– “Zirə” mənim yüksəlişə keçməyimə təkan verdi. Azərbaycandakı oyunum sayəsində Portuqaliya çempionatına yollandım. Həmin vaxt daha da inkişaf etməyim üçün “Nasional”ın təklifini qəbul etməli idim. Fikrimcə, doğru addımı atmışam.

– Pul, yoxsa karyeranı düşünərək Portuqaliyaya köçdünüz?

– Əlbəttə ki, karyeramı. Etiraf edək ki, Portuqaliya çempionatının səviyyəsi daha yüksəkdir.

– Artıq 5 ildən çoxdur Tayland çempionatında çıxış edirsiniz. Deyəsən, orada işləriniz yolunda gedir.

– Normal adlandırmaq olar. Əslində, ilk vaxtlar daha yaxşı idi. Çünki çox qol vururdum. Bir hücumçu üçün də bu, çox vacibdir.

– Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də gələn mövsümdən Tayland çempionatında oynayacağından xəbəriniz var?

– Düzü, bu barədə məlumatım yoxdur. Hansı komandada oynayacaq?

– “Buriram Yunayted”də…

– “Buriram Yunayted” hazırda Tayland çempionatının ən güclü komandasıdır. Bu mövsüm də ötənilki kimi çempion oldular. Deməli, onunla rəqib olacağıq.

– Ramil Şeydayevi tanıyırsınız?

– Sadəcə, bilirəm ki, Azərbaycan millisində və “Qarabağ” klubunda oynayır. Amma açığı, oyununu görməmişəm. Tayland çempionunun transfer gündəminə düşübsə, zəif futbolçu olmaz.

– Bəs siz özünüz yenidən Azərbaycanda oynamaq istəyərdiniz?

– Mən növbəti mövsüm də Taylandda qalacağam. Burada çempionat çox çətindir. Lakin gələcəkdə normal təklif olarsa, bəlkə, Azərbaycana dönməyi düşünə bilərəm.

434953 - Futbolinfo.az

– “Zirə”dən ayrıldıqdan sonra Azərbaycandan heç təklif almamısınız?

– İlk vaxtlar müxtəlif söz-söhbətlər eşidirdim. Səhv etmirəmsə, sonuncu dəfə 2021-ci ildə belə bir variant çıxmışdı. Bir klubdan müraciət aldım, ancaq razılaşmadıq. Ondan əvvəl də müxtəlif şifahi danışıqlar olmuşdu. Təkliflərim iddialı komandalardan olmadığı üçün Taylandda qalmağı üstün tutmuşdum. Burada özümü çox xoşbəxt hiss edirəm. İnsanların mənə qarşı münasibəti ürəyimcədir.

CAVAD

Shares: