Nəhayət, Azərbaycan Gənclər və İdman Nazirliyi Tərtər stadionu ilə bağlı sorğumuza cavab verə bildi. 3 gündür məsələyə reaksiya gözlədiyimiz qurumun iki cümləlik cavabı maraqlıdır.
Futbolinfo.az xəbər verir ki, AGİN Tərtər stadionunda inşaatın dayandırılmasına, onlara məxsus ərazidə icazəsiz təmir-tikinti işlərinin aparılmasına ətraflı münasibət bildirmək istəməyib: “Tərtərdəki stadion Tərtər rayon Gənclər və İdman İdarəsinin balansındadır. Stadionda təmir işlərinin aparılması barədə nazirliyə heç bir müraciət edilməyib”.
Lakin elə bu cavabdan da aydın olur ki, inşaat işləri icazə alınmadan aparıldığı üçün dayandırılıb. Təfərrüata varmayan nazirlik təbii ki, bu məkanın Tərtər rayon rəhbərliyi tərəfindən AFFA-ya nişan verilməsindən bəhs etməyib.
Beləliklə, AFFA-nın Tərtərdə stadion tikilməsi ilə bağlı uğursuz təşəbbüsü yarımçıq qaldı. İndi ya iki qurum arasında razılıq əldə olunmalı, ya da assosiasiya İcraiyyə Komitəsinin qərarı ilə başladığı layihəni başqa bir bölgəmizdə reallaşdırmalıdı. Çünki Tərtər kimi zatən futbol ənənələri olmayan rayonda ikinci stadionun tikilməsi məqsədəuyğun deyil.
Lakin indi AGİN-in də üzərində məsuliyyət düşür. Nazirlik yalnız balansında olan ərazini çəpərləməklə kifayətlənməməli, bərbad idman qurğusunu yeniləməlidir.
P.S.: Tərtər stadionu ilə bağlı başverənlərdən bu linkə daxil olaraq xəbərdar ola bilərsiz.