“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq qapıçı David de Xea ilə anlaşacaqlarına ümid edir. O, mövsümün sonunda müqaviləsi bitən ispan qolkiperin xidmətində maraqlıdır.
Futbolinfo.az xəbər verir ki, ten Haq klubla oyunçunun hələ də ümumi razılığa gəlməməsindən narahat deyil: “Əsas odur ki, de Xea burada qalmaq istəyir. Biz də onunla davam etmək istəyirik və oyunundan razıyıq. Anlaşmaq üçün xırda detallar qalıb və həlli mümkündür. Bir-birimizə güzəşt edə biləcəyimizə ümid edirəm”.
12 ildir mankunianların şərəfini qoruyan 32 yaşlı qolkiper bütün suallara mövsüm başa çatdıqdan sonra aydınlıq gətirəcək. O, klubun iki təklifini rədd edib, yekun danışıqlar da uğurlu alınmasa, futbolçu azad agentə çevriləcək.