“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim üçün “Qarabağ”la oyunda hər şey bitmişdi, çempionatda yerimizi təmin etmişdik. Ona görə də bu oyuna rahat, stressiz çıxmışdıq. Kimə nə deyəsən? Uşaqları bu cür oyunlara kökləmək çətindir. Futbolçularda həddindən artıq rahatlıq var idi. Bu da başadüşüləndir. Çempionatda qalmağımıza görə təbrik düşür, ya düşmür, bilmirəm. Doğrudan da futbolçular son matçlarda çox əziyyət çəkdilər. Qalanlarla işimiz çoxdur, gedənlərə uğurlar arzulayıram. “Qarabağ”la oyundan sonra gələcək üçün planların üzərində işləməyə başlamışıq. Bu şəhər daha yaxşı yerlərə layiqdir. Onu da edəcəyik.
Ehtiyatda qalan digər oyunçular olsaydı, onları da bu gün meydana buraxacaqdıq. Bu, sırf nəticə ilə bağlıdır. Səmimi deyim, taleyimiz bu matçdan asılı olsaydı, nə Ayxan, nə Nihat bu gün oynamayacaqdı. Premyer Liqada qalmağımız dəqiqləşib deyə onlara şans verdim”.