“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi əvvəlcə çempionluq təəssüratlarını bölüşüb:
– Hansı təəssüratlar yaşadığımı növbəti illərdə, karyeramı bitirəndən sonra dəqiqləşdirəcəyəm. Bu komandanın, əldə edilən uğurların tərkib hissəsi olmaq məni sevindirir. Hətta bundan sonrakı dönəmi də nəzərə alaraq deməliyəm ki, həyatımın ən önəmli titullarını “Qarabağ”da qazanmışam. Burada keçirdiyim fantastik illər var. Xüsusən də ardıcıl çempionluqlarda, gerbimizə iki ulduz əlavə etməkdə əməyimin olması məni sevindirir. “Qarabağ” camiəsinə təşəkkür edirəm. Bu illər ərzində yumruq kimi bir olmuşuq. Bu titulu əlimizdən almaq istəyən komandalar çox olub. Ancaq bunu heç kimə verməmişik.
– Razısınız ki, bu mövsüm çempionluğu əvvəlki illərdən daha çətin qazandınız?
– Bəli, bu mövsüm çempion olmaq üçün daha çox güc sərf etdik. Ardıcıl 8 dəfə çempion olan komandanı hər kəs dayandırmaq istəyirdi. Gələn il bu mübarizə onqat çempiona qarşı olacaq. Rəqiblərin bizə qarşı göstərdiyi istək, aqressivlik normaldır. Ümid edirəm ki, növbəti mövsüm də çempion olacağıq. İldən-ilə mübarizə çətinləşir, daha çox sürət tələb edir. Əvvəllər bəzi rəqibləri rahat məğlub edə bilirdiksə, indi bu, mümkün olmur. Çünki hər kəs futbol oynamağı bacarır, çempiondan xal almaq istəyir.
– Yay fasiləsində heyətdə ciddi dəyişikliklərin edilməsi gözlənilir. Bunun komandaya mənfi təsiri olmaz?
– Heyətdə nə kimi dəyişikliklərin olacağını baş məşqçimiz Qurban Qurbanov daha yaxşı bilir. İllərdir bu uşaqlarla çiyin-çiyinə döyüşürəm. Son 10 ildə klubdakı uşaqları ailəmdən, dostlarımdan daha çox görürəm. Bütün çətin və yaxşı günlərimiz bir yerdə olub. Futbolçularla ayrılmaq heç də asan deyil. Ancaq təəssüf ki, futbol karyerası belədir. Bəzən istəməsən də, ayrılıqlar baş verir. Ümid edirəm ki, bütün kollektiv yenə bir yerdə qalar.
– Bu mövsüm əsas heyət uğrunda mübarizədə Julio Romaoya uduzdunuz, meydanda daha az göründünüz. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
– Beynimdə neqativ heç nə yoxdur. Müqaviləmdə heç kim mənə əsas heyət zəmanəti verməyib. “Qarabağ”da artıq 500-dən çox oyun keçirmişəm. Bu komandanın ən böyük uğurlarında yer almışam. Əgər mövqeyimdə başqa oyunçu çıxış edirsə, deməli, buna layiqdir. Mən də Romaonu həmişə dəstəkləyirəm. Təbii ki, öz yerim üçün də daim mübarizə aparıram. Yaşımdan asılı olmayaraq, əsas heyətdə oynamaq istəyirəm.