Formula 1 üzrə dünya çempionatının 6-cı mərhələsi geridə qalıb. Təqvimdə sayca 8-ci olan Monako qran-prisi Çin və İmolada mərhələnin keçirilməməsi səbəbilə 6-cı sırada gəlir.

Formula 1-in brilyant qaşı sayılan bu mərhələnin taleyi adətən şənbə günü təsnifatda həll edilir. Bu yarış da belə olub. Startda ilk onluqda bir dənə də olsun yerdəyişmə baş verməyib. Bu səbəbdən də yarışa Maks Ferstappen liderlik edib. Onun ardınca Fernando Alonso , bir qədər geridə isə Esteban Okon gəlib.

İlk iki sürücü arxadakılarla kifayət qədər fərq yaradıblar. Bunun da səbəbi Okonun sürətinin aşağı olması olub. Fransız pilotun arxasınca uzun bir qatar əmələ gəlib. Məhz bu qatarda da “Ferrari” sürücüləri ilişib qalıblar. Nə Sayns Okonu, nə də Lekler Hamiltonu keçə bilməyib. Hər şeyin darıxdırıcı bitməsinə isə hava şəraiti əngəl olub. Havanın dəyişəcəyi ehtimal edilsə də, yağışın bu cür şiddətli olacağını çoxları gözləməyib. Amma yağmur peletonda yerdəyişmələrə səbəb olub. Havanın dəyişməsindən ən çox “Mercedes” pilotları yararlanıblar. Həm Həmilton, həm də Rassel Lekler və Saynsdan qabağa keçib. Ötmələrin çətin olduğu trasda bu qanunauyğunluğu hətta asfaltın sürüşkən olması da dəyişə bilməyib.

Beləliklə, Ferstappen yarışın əvvəlindən sonuna qədər liderliyini qoruyaraq mövsümdə 6-cı qələbəsini qazanıb. Fernando Alonso bu il 5-ci dəfə podiuma çıxıb. İkinci yer onun üçün bu mövsüm ən yaxşı göstəricidir. Esteban Okon isə “Alpine” komandası üçün ilk podium qazanıb.

Ferstappenin komanda yoldaşı Serxio Peres üçün yarış uğursuz alınıb. Son pillədən yarışa start verən meksikalı sürücü xal zonasına düşə bilməyib. Bununla da Maks onunla ümumi sıralamada fərqi artıraraq 39-a çatdırıb. Alonso isə 3-cü pillədə yerini bir qədər də möhkəmləndirib.

Mühəndislər kubokunda “Red Bull” 249 xalla liderdir. İkinci yerdə qərarlaşan “Aston Martin” Alonsonun sayəsində 120, “Mercedes” isə 119 xal toplayıb. “Ferrari” komandası 90 xalla hazırda 4-cü pillədədir.

Xatırladaq ki, Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi İspaniyada baş tutacaq. Pilotlar 2-4 iyun aralığında Barselonada yarışacaqlar.

Shares: