Azərbaycan Premyer Liqasında 2022-2023 mövsümünü “Qarabağ” çempion, hücumçusu Ramil Şeydayev isə 22 qolla bombardir kimi başa vurub. Ağdam təmsilçisinin digər forvardı Musa Qurbanlı 21 dəfə fərqlənməsinə baxmayaraq, ən məhsuldar oyunçu olmaq üçün cəmi 1 qolu çatmayıb.
21 yaşlı futbolçu mükafatlandırma mərasimindən sonra jurnalistlərə müsahibəsində həm buna toxunub, həm də gələcəklə bağlı hədəflərindən danışıb.
– Mövsümü necə dəyərləndirərdiniz?
– Hər mövsümün öz çətinliyi var. Ümumiyyətlə, asan mövsüm olmur. Nə qədər çox qələbə qazansaq, kənardan asan görünər. Amma hər bir oyun çətin olur. Burada bizim illik əziyyətimizin bəhrəsi var. Ola bilər ki, meydanda qələbələr qazana bilərik, ancaq ondan kənarda çəkdiyimiz əziyyətlər görünməz. Heç bir mövsümü digərindən ayırmıram. Təkcə futbolçuların yox, məşqçilərin, klub işçilərinin, rəhbərliyin böyük əziyyəti var. Buna görə də hər mövsüm çempion olanda böyük sevinc yaşayırıq.
– Bu mövsüm “Sabah” sizə çətin anlar yaşatdı…
– Bəli, “Sabah” bizə bir az çətinlik yaşatdı. “Sabah” kimi bir klubumuzun olması bizi sevindirir. Bu, çempionatın inkişafına təkan olar. İstərdik ki, həm “Sabah”, həm “Neftçi”, həm “Zirə”, həm “Qəbələ”, həm də digər klublarımız çox inkişaf eləsinlər, maraqlı çempionatımız olsun. Bunun bizə ancaq köməyi ola bilər.
– Bu gün qol vurmağı çox istəyirdiniz. Bombardir ola bilmədiyiniz üçün üzülmədiniz?
– Mən hər oyunda qol vurmaq istəyirəm. Qol vurmaq istəmədiyim, bundan ötrü dəridən-qabıqdan çıxmadığım matç olmayıb. “Turan Tovuz”la qarşılaşma da istisna deyildi. Əlbəttə, kim bombardir olmaq istəməz? Amma çox məyus olmuram. Çünki 21 qol vurdum. Ən məhsuldar oyunçu da başqası yox, özümüzünkü, Ramil Şeydayev oldu. Onun adına da çox sevindim. Mən əlimdən gələni etdim. Xeyirlisi belə imiş.
– Mövsümün gedişində adınız Polşa klubu “Poqon”la birgə hallanırdı. Yayda Avropaya gedişiniz baş tuta bilər?
– Bu barədə hələ dəqiq qərar verilməyib, söhbətimiz olmayıb. Bunun üçün çempionatın bitməsini gözləyirdik.
– Son qərarı siz, yoxsa atanız Qurban Qurbanov verəcək?
– İkimiz bir yerdə verəcəyik. Çünki nəticədə gedib oynamalı olan mənəm. Amma atamın qərarı, məsləhəti olmadan addım atmaram. Çünki onun təcrübəsi məndən qat-qat çoxdur.
– Təkliflər realdır?
– Təklifi mənim özümə yox, kluba göndərirlər. Rəsmi təklif edilsəydi, yəqin ki, xəbərimiz olardı. Maraqlananların olması yəqin ki, normaldır. Çünki gənc futbolçu qollar vuranda maraqlanırlar. Bu barədə ətraflı söhbətimiz olmayıb.
– “Qarabağ”da qalsanız, növbəti mövsüm sizi avrokuboklarda da əsas forvard kimi görə biləcəyikmi?
– Bunu mən deyə bilmərəm. İşim çıxıb meydanda oynamaqdır. Bunu isə zaman göstərəcək.
– Premyer Liqada 21 qol vursanız da, avrokuboklarda “siftə” etməmisiniz. Bu maneəni nə vaxt aşmaq mümkün olacaq?
– Ölkə çempionatında 30-dan çox oyun olur, avrokuboklarda isə bir rəqiblə iki dəfə qarşılaşırsan. Bunun da düzələcəyinə inanıram.