“Şamaxı” rəhbərliyinin Premyer Liqada qalmaq üçün AFFA-ya təzyiqləri çətin ki nəticə versin. Çünki qurum ölkədaxili yarışları qaydaya salmaq, nizam yaratmaq üçün düşünülmüş plan hazırlayıb.
Bugünədək xaotik keçirilən müxtəlif yarışlar bundan sonra sabit saya və reqlamentə malik olacaq. Daha doğrusu, belə bir plan var, reallaşdırılması da yaxın vaxtlarda qərarla təsdiqlənməlidir. İyunun əvvəlində AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq əsas məsələ məhz budur.
Əldə etdiyimiz bilgiyə görə, AFFA 2-ci Divizionu yaratmağa qərar verib. Bundan sonra peşəkar klubların sayı 30-a çatdırılacaq və onlar gücünə, səviyyəsinə görə 3 liqada qərar tutacaq. Daha sonra isə Premyer Liqa, I Divizion və II Divizionda yarışacaq komandalar 4 dövrəli mübarizəyə start verəcək, sonuncuların aşağı liqadakı liderlə əvəzlənməsi ilə tənzimlənəcək yarışların sabitliyi təmin olunacaq. Və bundan sonra əsas diqqət divizionların, orada mübarizə aparacaq komandaların güclənməsinə, təşkilatlanmasına yönəldiləcək.
İlk olaraq ideyanın AFFA İcraiyyə Komitəsində rəsmi qərarla təsdiqlənməsi planlaşdırılır. Daha sonra klublara ediləcək yardımın məbləği dəqiqləşdiriləcək. Premyer Liqa klubları 3 milyon manat dövlət yardımı alırsa, I Divizionda bu məbləğ 300 manatdır. İndi II Divizion təmsilçiləri üçün büdcənin müəyyənləşdirilməsi və onun üçün lazım olan maliyyə qaynağının tapılması müzakirə olunur. Təqribən yarım milyon manat II Divizionun təşkili üçün kifayət etməlidir.
Maraqlı, yaxşı, hətta xeyli yubanmış qərardır. Bu, Elxan Məmmədovun ideyası olan həvəskar Region Liqası ilə müqayisədə daha yaxşı ideyadır. Zamanla komandalara ayrılan maliyyə artırılsa, yarışlar arasında keçidləri idman prinsiplərinə əsasən reallaşdırmaq mümkün olsa, ölkə çempionatının müxtəlif liqalarında 30 komanda mübarizə aparacaq. Bu, daha nizamlı, daha yaxşı təşkil olunmuş yarış deməkdir.
Zamanla lazımi vəsaitin təyin edilməsi ilə bütün liqalarda eyni qayda ilə komanda sayını artırmaq, futbolun coğrafiyasını genişləndirmək, onu ölkənin bütün bölgələrinə yaymaq olar. Hazırkı vəziyyətdə II Divizionda iştirak etmək üçün komandaların hər birinə təqribən 50-100 min manat vəsait lazımdır ki, bu işdə yerli icra hakimiyyətləri də önəmli rol oynaya bilər. Hansısa rayonu təmsil edəcək komanda üçün müvafiq orqanların bu kiçik məbləği təmin etməsi çətin olmamalıdır.
AFFA özü də əlavə ponsorlar cəlb etməklə, liqaların adını müxtəlif şirkətlərə verməklə işin təşkilində mühüm rol oynaya bilər. Hazırda assosiasiyanın əsas işi sabitliyə nail olmaqdır. Komandaların sifarişlə yarışa cəlb edilməsi, idman prinsiplərinə tüpürüb liqada saxlanması kimi əvvəllər rastlaşdığımız neqativ hallara son qoyulsa, ölkə futboluna səliqə-səhman, nizam gətirmək olar. Bunun üçün ilk addım elə bu yay “Şamaxı”ya güzəşt edilməməsi, vədlərə əməl olunmasıdır.
FƏRİD