Todor Todoroski etdiyi hərəkətə görə üzr istəyib. “Sumqayıt”ın legioneri “Qarabağ”la səfər matçında Azərbaycan xalqı haqqında işlətdiyi ifadələrə görə peşman olduğunu bildirib.

Futbolinfo.az xəbər verir ki, müdafiəçi Suraxanıdakı matç zamanı yerli futbolçuları təhqir etmiş, oyun bitdikdən sonra isə bu səbəbdən qalmaqal yaranmışdı. “Qarabağ”ın hücumçusu Ramil Şeydayev stadionun koridorarında futbolçu ilə dalaşmışdı.

Todoroski təkzib etsə də, Ramilin rəqibin paltardəyişmə otağına girərək şimali makedoniyalını vurduğu deyilir. Təsadüfi deyil, AFFA İntizam Komitəsi Şeydayevə 3 oyunluq cəza kəsdi.

Lakin Todoroskinin üzr istəməməsi üzündən məsələ yekunlaşmayıb. Bu səbəbdən “Qarabağ”ın bir neçə futbolçusu ötən günlərdə Sumqayıta yollanıb, yerli komandanın üzvləri ilə birlikdə Todorla söhbət edib. Legionerin hamının qarşısında üzr istəməsi ilə qalmaqala nöqtə qoyulub.

Bu, baş məşqçi Samir Abasovun da işinə yarayıb. O, futbolçunu heyətdə görmək istəmir, klub rəhbərliyi isə legionerin müqaviləsinin olduğunu bildirərərk saxlamağa çalışırdı. Sözügedən olaydan sonra Azərbaycanda oynamasının çətin olacağını anlayan futbolçu indi özü “Sumqayıt”dan ayrılmağı düşünür.

Shares: