Ölkə kubokunun final görüşü yekunlaşan kimi bir çox oyunçular “Qəbələ”ni tərk edəcək. “Neftçi” ilə titul matçının ardınca əksər legionerlər və bir neçə yerli oyunçu anlaşdıqları digər klublara keçəcək.
Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin oyunçuları əsasən “Zirə” və “Səbail”ə yollanacaq. Bayıl təmsilçisi Məqsəd İsayevlə ilkin razılıq əldə edib, daha bir neçə yerli futbolçuyla maraqlanır. Komandanın legionerləri – İsnik Alimi, Ruan Renato, Rafael Utziq və Felipe Santos, eləcə də Ülvi İsgəndərov isə “Zirə” ilə anlaşmaq üzrədir. İlkin razılıq əldə olunub, kubok matçı bitincə müqavilələr rəsmiləşməlidir.
Vəsiqə qazandıqları Konfrans Liqasında çıxış etməkdənsə daha yaxşı maaş təklif edən paytaxt klublarına köçməyi üstün tutan bu futbolçuların gedişi ilə “Qəbələ” çətin vəziyyətə düşəcək. Asif Məmmədovla Feras Abu Akalın da zədə üzündən uzun müddətə sıradan çıxdığını nəzərə alsaq, komanda faktiki olaraq, avrokuboklar üçün yeni heyət yığmalıdır. Vaxtında aparıcı futbolçuları ilə uzunmüddətli müqavilə bağlamayan, bu üzdən onların azad agentə çevrilməsini izləyən bölgə təmsilçisi özü özünə problem yaradır və bu, avrokuboklarda fəsadını göstərəcək.
Ümumiyyətlə, bu, “Qəbələ”nin aparıcı oyunçularını itirdiyi ilk hal deyil. Ötən mövsümlərdə də bölgə təmsilçisinin aparıcı üzvləri “Neftçi”, “Qarabağ”, “Zirə”, “Sabah” və başqa komandalara yollanırdı. “Zirə”nin birdən-birə 4 futbolçunu götürməsi isə qitə yarışlarına yollanmaq uğrunda mübarizədə uduzduğu rəqibin “uğur formulu”nu ələ keçirməyə bənzəyir. Qəsəbə təmsilçisi sanki daha yeni transferlərlə risk etmək istəmir, hazır, özünü isbatlamış futbolçulara güvənməyi lazım bilir. Bunun nə dərəcədə uğurlu olduğunu zaman göstərəcək, lakin futbolçulara Qəbələdə aldığından daha yaxşı maaş təklif edildiyi dəqiqdir.