Futbol üzrə ölkə çempionatının növbəti mövsümündə I Divizionunda 10 komandanın iştirakı planlaşdırılır. Hazırda AFFA və PFL iştirakçiların siyahısını dəqiqləşdirməklə məşğuldur.

Futbolinfo.az xəbər verir ki, əvəzedici komandaların Diviziondan ayrılması, onlar üçün əlavə yarışın bərpası aşağı dəstədə komanda sayına təsir göstərəcək. Hazırda burada cəmi 6 komanda qalıb və onların sayını mütəq hədd kimi götürülən 10-a çatdırmaq lazımdır.

“Şamaxı”, “Zaqatala”, MOİK, “Qaradağ Lökbatan”, “Mingəçevir” və “İmişli” növbəti mövsümdə I Divizionda iştirakı dəqiqləşən klublardır. Onlardan yalnız adı danışılmış oyunlarda tez-tez hallanan “hərbçilər”lə bağlı tərəddüdlər var. MOİK-in rəhbərliyinin dəyişəcəyi, idarəçiliyə daha sağlam insanların gətiriləcəyi və Müdafiə Nazirliyinin təmsilçisinə diqqəti artıracağı təqdirdə bu 6 komanda olduğu kimi yerində qalacaq, əks halda, MOİK-i başqası əvəzləyəcək.

Digər 4 yerə komanda seçimi isə davam edir. Artıq “Karvan”ın bu siyahıda olacağı dəqiqdir. Saatlını təmsil edən “Araz”la bağlı da problem yoxdur. Qalan 2 yerə “İrəvan”, “Difai”, “Füzuli”, “Cəbrayıl”, “Qusar” və “Lerik” namizəddir. Onların arasından ən yaxşıları, ən hazırlıqlıları seçiləcək. I Diviziona düşməyəcək komandalara bu mövsümdən təşkil olunması gözlənən II Divizionda çıxış etmələri təklif ediləcək.

Bu siyahıda olmayan, amma israrla yarışa qatılmaq istəyən, müxtəlif təzyiq vasitələrindən istifadə edənlər də var. Vaxtilə oyunların nəticələrinin manipuliyasiya olunmasında təqsirləndirilib yarışlardan uzaqlaşdırılanların hətta ərizələrinə də baxılmayıb. Eyni şabhə ilə yarışlardan kənarlaşdırılanlar da ofsaydda saxlanılır. Onlardan biri “Bakılı” klubudur. Klubun prezidenti Misir Əbilov müxtəlif vasitələrlə AFFA-ya təzyiq etsə də, onun illər ərzində etdikləri, fəaliyyəti unudulmayıb. Sağlam yarış təşkil etmək istəyən AFFA bütün təzyiqlərə rəğmən, ən problemsiz komandalara güvənmək istəyir.

Shares: