Digər “Böyük dəbilqə” turnirləri ilə müqayisədə “Roland Garros”da sensasiyalar çox baş verir. Bazar ertəsi baş tutan oyunlarda da bunu müşahidə etmək oldu. Belə ki, səpələnmişlərdən olan 14 nəfər elə ilk mərhələdə mübarizəni dayandırdı.
Bir çoxlarını maraqlandıran Novak Cokoviçin özünü necə göstərməsi olub. Bir neçə gün əvvəl Holger Runeyə məğlub olan ulduz tennisçi ilk mərhələni rahat keçib. Serb tennisçi ABŞ-ni təmsil edən Aleksandr Kovaçeviçi 3 setdə məğlubiyyətə uğradıb. Digər bir favorit Karlos Alkarasa da növbəti mərhələyə adlamaq üçün cəmi 3 set lazım olub.
Səpələnmişlər arasında 10 nömrə olan Oje-Aliassim isə ilk turda mübarizəni dayandırıb. Kanadalı tennisçi Fabio Fonyiniyə (0:3) məğlub olub. 25 nömrə ilə siyahıda yer alan Zandsxulp, alman Ştruff və ispaniyalı Sapata Miralyes də məğlubiyyətlə üzləşiblər.
Qadınların yarışında itkilər daha qabarıqdır. Turnirin 10 nömrəsi Petra Kvitova məğlub olub. Dünyanın keçmiş bir nömrəsi Karolina Plişkova da mübarizəni dayandırıb. 11 nömrə ilə səpələnmişlər siyahısında yer alan Veronika Kudermetova və 26 nömrəli italyan Martina Trevizian da “Roland Garros”u tərk edir.
Bu gün ilk dövrənin daha 40 oyunu baş tutacaq. Sabah isə artıq ikinci mərhələnin oyunları keçiriləcək.