2005-2006-cı illərdə Azərbaycanda “Neftçi”nin formasını geyinmiş sloveniyalı sabiq hücumçu Tomislav Mişuranın futbolinfo.az saytına müsahibəsi

– Artıq beş ildir karyeranızı bitirmisiniz. Bu müddətdə nə ilə məşğul olursunuz?

– Futbol sahəsində fəaliyyətimi davam etdirirəm. Hələ futbolçu vaxtından seleksiyaçı olmaq istəmişdim. Bununla yanaşı, başqa sahədə də çalışıram. Futbolla əlaqəsi olmayan bir şirkətdir.

– Keçmiş komandanız “Neftçi”ni necə xatırlayırsınız?

– “Neftçi”də oynamağımın üzərindən artıq 15 ildən çox vaxt keçib. Cəmi ilyarım çıxış etməyimə baxmayaraq, orada çempionluq sevinci yaşadım. Həmin anları unutmaq mümkün deyil. Hamı tullanıb-düşür, bir-biri ilə qucaqlaşırdı. İnanın ki, “Neftçi” həmin vaxtdan bəri hər çempion olanda məndə eyni hisslər canlanırdı.

– 2005-2006 mövsümündə 9 qol vursanız da, komandadan ayrıldınız. Qalmağınıza nə mane oldu?

– Əslində, klub qalmağımı istəyirdi, yeni müqavilə də təklif olunmuşdu. Ancaq ailəvi səbəblərdən ayrılmalı oldum. Elə bir dönəmə təsadüf etmişdi ki, ailəmin yanında olmalı idim. Əks təqdirdə, “Neftçi”dən getməzdim.

– 2004-2005 mövsümündə çempionluğu “Qızıl oyun”la qazandınız. “Xəzər Lənkəran”la həlledici matç yadınızdadır?

– Bu, həyatımın ən vacib görüşlərindən biri idi. Azarkeşlər tribunaları ağzına qədər doldurmuş, futbolçuların adlarını bir-bir çəkirdilər. Mənim adım səslənəndə fəxr hissi keçirirdim. Bu səs indi də qulaqlarımdadır.

– Bəs “Neftçi”də vurduğunuz hansı qol sizin üçün unudulmazdır?

– “Hafnarfyodur”la Çempionlar Liqası matçlarında vurduğum qollar. İslandiya komandasını hər iki görüşdə məğlub etmişdik və hər iki oyunda fərqlənmişdim. İslandiyadan qayıdanda azarkeşlər bizi hava limanında coşqu ilə qarşılamışdılar.

загружено 1 - Futbolinfo.az

– Keçmiş komanda yoldaşlarınızla əlaqə saxlayırsınız?

– Bəziləri ilə hərdən yazışırıq. Mənə ən çox “Neftçi” azarkeşləri mesaj yazırlar, çempion olduğumuz mövsümü xatırladırlar. O dönəmdə klubda çalışan Ramin Musayevi də çox gözəl xatırlayıram. Yaxşı yadımdadır, ona “ata” deyirdik. Çünki bizimlə yaxından maraqlanırdı. Ramin müəllimlə danışmaq, hal-əhval tutmaq istərdim.

– Artıq uzun illərdir Azərbaycan çempionatına hegemonluq edən “Qarabağ” bu mövsüm də çempion oldu. “Neftçi”nin üçüncü yeri tutmasından məlumatlısınız?

– Yalan danışa bilmərəm, “Neftçi”nin bu illər ərzində cəmi bir dəfə çempion olması məni çox məyus edir. Hətta deyərdim ki, bir azarkeş kimi qəzəbləndirir.

– Komanda üçüncü yeri tutduğu üçün azarkeşlərin əksəriyyəti baş məşqçi Laurentsiu Regekampfın istefasını tələb edir. Sizcə, baş məşqçi dəyişikliyi “Neftçi”nin əvvəlki əzəmətinə qayıtmasına kömək ola bilər?

– Məncə, baş məşqçi dəyişiklikləri çıxış yolu deyil. Təbii ki, azarkeşləri də başa düşürəm. Çünki onlar “Neftçi”ni həmişə çempion görmək istəyirlər. Açığı, indi orada vəziyyətin necə olduğunu bilmirəm. Buna görə də baş məşqçi dəyişikliyinin nə formada təsir edəcəyini deyə bilmərəm.

– Sizin dövrün “Neftçi”si ilə indikini müqayisə edə bilərsiniz?

– Axı “Neftçi”nin indiki heyəti barədə geniş məlumatım yoxdur. Bizim komanda isə çox güclü idi. Azarkeşlərin dəstəyi ilə daha da güclü olurduq. Üstəlik, onlarla aramızda heç vaxt məsafə saxlamırdıq. Hamımız bir ailə kimi idik. Həmin vaxt əsas rəqibimiz “Xəzər Lənkəran” idi. Onların çox yaxşı maliyyə imkanları var idi. İndi isə “Neftçi” ilə “Qarabağ” mübarizə aparır. Təəssüf ki, hələlik “Neftçi” bu mübarizədə məğlub olur.

– “Neftçi”nin hələ də Azərbaycan Kubokunu qazanmaq şansı var…

– Bundan xəbərim var. “Neftçi”nin nəticələrini izləyirəm. Ölkə kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaqlar. “Neftçi” mənə doğma komandadır. Qış fasiləsindən sonrakı nəticələri də uğurludur. Bunu nəzərə alaraq, “Neftçi”nin kuboku qazanacağına inamım böyükdür.

– “Neftçi” növbəti mövsüm Konfrans Liqasında çıxış edəcək. “Ağ-qaralar”dan avrokuboklarda hansı nəticəni gözləyirsiniz?

– “Neftçi” Avropa arenasında oynamağa həmişə layiqdir. Elə böyük klublar var ki, avrokuboklarda uğurlu çıxış edə bilmirlər. Halbuki büdcələri “Neftçi”dən qat-qat çoxdur. “Neftçi”nin isə təkcə adı avrokubokda yer almağa yetir. Amma orada uğurlu nəticə üçün də yaxşı heyətə, güclü baş məşqçiyə, düzgün qərarlar verən idarəçiyə, bir sözlə, əsl komanda ruhuna sahib olmalısan. “Neftçi”nin düzgün yolda olduğuna inanıram. Gələn mövsüm avrokuboklarda çıxış edəcək Azərbaycanın bütün klublarına uğurlar arzulayıram.

FƏRİD

Shares: