Rusiya “Spartak”ının futbolçusu Kvinsi Promesin adı böyük cinayətdə hallanır. Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Niderland hüquq-mühafizə orqanlarının məlumatına görə, Promes 2020-ci ilin yanvarında Belçikanın Antverpen limanında müsadirə edilmiş 615 və 713 kiloqramlıq narkotik partiyaların ölkəyə gətirilməsində ittiham olunur. Ümumi çəkisi 1300 kiloqramdan çox olan narkotik vasitələrin 75 milyon avro dəyərində olduğu təxmin edilir.
Qeyd olunub ki, 31 yaşlı futbolçu narkotik alverində və cinayət təşkilatının üzvü olmaqda şübhəli bilinir. İlkin məhkəmənin gələn bazar ertəsi keçiriləcəyi gözlənilir.
Vaxtilə “Ayaks” və “Sevilya” kimi klublarda oynamış Promes fevralda 2-ci dəfə “Spartak”a keçib.