Tennis üzrə Fransa açıq çempionatında yeni rekord müəyyənləşib. “Roland Garros” turnirinin tarixində ilk dəfə olaraq 1-ci mərhələdə 21 beş setlik oyun olub. Bu isə “Böyük dəbilqə” seriyalı turnirlər üçün Açıq erada ən yüksək göstəricidir.

Rekordlardan başqa gözlənilməz nəticələr də qeydə alınıb. Bunlar arasında ilk növbədə Daniil Medvedevin məğlubiyyətini vurğulamaq lazımdır. Dünyanın 2 nömrəli tennisçisi Seybot Vaylda 5 setdə məğlub olub. Xatırladaq ki, braziliyalı tennisçi ATP-nin reytinqində 172-ci pillədədir.

Rusiyalı tennisçinin məğlubiyyətindən başqa kişilərin dünən keçirilən oyunlarında gözlənilməz nəticə olmayıb. Danimarkalı Holger Rune 4 setdə Kristofer Yubenksi, norveçli Kasper Ruud 3 setdə Elias İmeri, almaniyalı Aleksandr Zverev Lloyd Harrisi, ABŞ-li Teylor Frits həmyerlisi Maykl Monu məğlubiyyətə uğradıb. Yerli publikanın sevimlisi Qael Monfis 5 set əziyyət çəkərək argentinalı Sebastyan Baes üzərində qələbə qazanıb.

Qadınların turnirində də favoritlər Şvyontek və Rıbakinanın rahat qələbəsini qeyd etmək lazımdır. Ons Jaber də 2 setdə qalib gələrək növbəti mərhələyə yüksəlib. Rusiyalı 16 yaşlı tennisçi Mirra Andreyeva Elison Risk üzərində inamlı qələbə qazanıb. Lakin daha təcrübəli bacısı Erika isə Emma Navarroya məğlub olub.

Shares: