Bir çoxlarının sevimlisi, onlardan da daha çoxunun sevmədiyi Joze Mourinyo bu gün 20 ildən sonra yenə də komandasıyla avrokubok finalına çıxır. Nə qədər təkəbbürlü olsa da, portuqaliyalı futbol aləmində əksər məşqçilərin xəyal edə bilmədiklərini qazanıb. Bu da onun fitri istedadından xəbər verir.
Uzun bir müddət ərzində əməyinə tələb olduğunu nəzərə alsaq Mourinyonun zamanla ayaqlaşdığını qeyd etməliyik. Qısa zaman kəsiyində böyük dəyişikliklərin baş verdiyi müasir dünyada yeniliklərlə ayaqlaşmayan heç bir dahi uğur qazana bilməz. Son illərdə bunu futbol dünyasında bir çox məşqçinin timsalında görmüşük.
Bu yazıda Jozenin 20 il əvvəl keçdiyi yola nəzər salacağıq. Xatırladaq ki, 2003-cü ildə portuqaliyalı mütəxəssis “Portu” ilə Avropa Liqasının qalibi olmuşdu. Həmin vaxt o, Avropada heç kim tərəfindən tanınmayan adi bir gənc mütəxəssis idi. Lakin ölkəsində, xüsusilə də “Portu” rəhbərliyinin gözündə istedadlı məşqçi sayılırdı. “Leyriya”da uğurunu görən rəhbərlik bu cür istedadı əldən verməmək üçün dərhal onunla müqavilə imzaladı. Elə ilk mövsümdə bu risklər özünü doğrultdu.
Komandaya gəlişi ilə heyətdə böyük dəyişikliklər oldu. Mourinyonun yeni futbolçu almaq xəstəliyi elə gənc vaxtlarından var idi. Klub rəhbərliyi onun istəklərini nəzərə alaraq müqaviləsi başa çatmış, icarədə olan futbolçularla heyəti gücləndirdi. Onlar arasında Manişe, Jorje Koşta, Edqaras Yankauskas var idi.
Məşq sistemi də dəyişdirildi. Yeni baş məşqçinin gəlişindən sonra “Portu” fiziki göstəricilərə görə Portuqaliyada hamını qabaqladı. Bu da bütün oyun ərzində rəqibə təzyiq etməyə imkan verdi. Gözlənilməzlik amili həlledici oldu. Portuqaliyada buna cavab verməyin yolunu dərhal tapa bilmədilər. Nəticədə “Portu” əzəli rəqibi “Benfika”nı 11 xal qabaqlayaraq çempion oldu.
2003-cü ildə indiki Avropa Liqası hələ UEFA kuboku adlanırdı. Həmin vaxt turnirdə qrup mərhələsi də yox idi. “Portu”nun turnirdə yolu 1/64 finaldan başlamışdı. İlk rəqiblər elə də güclü deyildi. Bəxtdən bütün karyerası boyu gileylənməyə əsası olmayan Mourinyo püşk nəticəsində münasib rəqiblərlə qarşılaşmışdı. İlk mərhələdə rəqib Polşanın “Poloniya” komandası idi. İkincidə isə qarşıya Avstriyadan “Austria” (Ən maraqlısı, ilk rəqib klubların adlarının ölkə adı ilə eyni olması. Eyni şeyi müəyyən mənada “Portu”ya da aid etmək olar) çıxmışdı. Hər iki rəqib rahat şəkildə geridə buraxıldı.
1/16 final mərhələsində rəqib bir qədər ciddi idi. “Lans” Avropa nəhəngi sayılmasa da, Fransanı təmsil etməsi güclü olması deməkdir. Buna baxmayaraq, portuqaliyalılar elə ilk oyunda 3:0 hesabı ilə qalib gəlməklə məsələnni çox hissəsini həll etdilər.
Sonrakı mərhələdə bəxt yenə də komandanın üzünə güldü. Bu dəfə rəqib hazırda Türkiyənin 1-ci liqasından da aşağı dəstəyə yuvarlanan “Denizlispor” oldu. Elə ilk oyunda Türkiyə komandasının həmin mərhələyə layiq olmadığı göründü. “Portu” evdə rəqibini 6:1 hesabı ilə darmadağın etdi. ¼ finalda Portuqaliya təmsilçisi “Panatinaikos”u sıradan çıxardı. Halbuki həmin mərhələdə rəqib “Liverpul” da ola bilərdi. Amma ingilislərin yolu “Seltik”lə kəsişdi.
Püşkün üzə gülməsinə baxmayaraq “Portu” çox əziyyət çəkdi. İlk oyunda evdə minimal hesablı məğlubiyyədən sonra səfərdə Derleyin sayəsində yarımfinala vəsiqə əldə edildi. Bu dəfə rəqib “Latsio” idi. Həmin vaxtlar Roma təmsilçisi İtaliyanın ən güclülərindən sayılırdı. Doğrudur, 3 il əvvəl çempion olduqları kimi əzəmətli deyildilər. Amma istənilən halda heyətdə güclü futbolçular var idi. Buna baxmayaraq, portuqaliyalılar ilk oyunda 4:1 hesabı ilə qələbə qazandılar. Məşhurluğun gəlişini duyan Mourinyonun özünəməxsus xarakteri həmin oyundan aşkara çıxmağa başladı. Rəqib müdafiəçi ilə kiçik münaqişəyə görə avrokuboklarda ilk qırmızı vərəqəsini aldı. İlk oyunda məsələ həll edildiyindən cavab oyununda onun yoxluğu finala gedən yolun qarşısını kəsmədi.
Həmin finala qədər “Portu” tarixində 3 dəfə avrokubok qazanmışdı. Ondan əvvəlkilərin hamısı 1987-ci ilə təsadüf edir. Həmin il Madjerin, Futrenin, Qomeşin oynadığı komanda Çempionlar Kuboku, Superkubok və Qitələrarası kuboku qazanmışdı. Mourinyo komandaya 4-cü titulu qazandırdı. Finalda “Seltik” 3:2 hesabı ilə məğlub edildi. Oyunun yeri isə Sevilya şəhəri idi.
Bu gün “Portu” üçün Avroliqanı qazanmaq elə də böyük möcüzə olmaz. Belə ki, Avropanın ən böyük klublarının oynadığı yer Çempionlar Liqası olduğuna görə rəqiblər elə də güclü olmur. Amma o vaxt üçün bunu etmək asan deyildi. Xüsusilə də debütant məşqçidən gənc futbolçularla bu uğuru kimsə gözləmirdi. Lakin Mourinyo bunu bacardı. Növbəti il isə Avropanın ən ali turnirində qalib oldu. Bu nailiyyətlər onu dünyanın ən güclü məşqçilərindən birinə çevirdi.
“Xüsusi” ləqəbi ilə tanınan Mourinyo buvaxta qədər finallarda məğlub olmayıb. Avropa Liqasında isə “Portu” və “Mançester Yunayted”dən sonra növbə “Roma” ilə finaldır. Bu, onun həm də İtaliya klubunda son oyunudur. Kubok qazanmaqla əbədi Romanı tərk etmək üçün ideal məqamdır.
İLQAR AĞAYEV