Futbolun İnkişaf Fondu (FİF) vasitəsilə bölgə klubları dayanıqlı maliyyə mənbələri ilə təmin edilir və maddi cəhətdən çətinliklər aradan qaldırılır. Ancaq mövsüm başa çatsa da, “Kəpəz”in sponsor məsələsi həllini tapmayıb.
Halbuki “Turan Tovuz”un yeni sponsora qovuşmasından sonra gəncəlilərin də həsrətinin bitəcəyi gözlənilirdi. Bəs, Gəncə klubunun yeni sponsorla anlaşması niyə gecikir?
Əldə etdiyimiz məlumata görə, FİF qısa müddət üçün deyil, komandaya uzun illər dayaq ola biləcək sponsor axtarır. Yalnız FİF yox, klub da maliyyə mənbələri tapmaq üçün bir sıra şirkətlərlə, iş adamları ilə görüşmələrini davam etdirir.
İdarə Heyətinin sədri İlqar Nadiri ən qısa zamanda komandaya sponsor tapılacağına ümid edir: “Biz də axtarışlarımızı davam edirik. Bizim əlimizdən gələn bu prosesi sürətləndirməkdir. Çalışırıq ki, ən qısa zamanda komandaya sponsor və dayanıqlı maliyyə mənbələri tapaq. Yeni mövsümün startına qədər sponsor tapsaq, komandamızı yenidən və daha yaxşı formalaşdırarıq”.
“Kəpəz” bitən mövsümdə Misli Premyer Liqasını 31 xalla 8-ci sırada tamamlayaraq elitada qaldı. Amma gəncəlilər daha yaxşı nəticə istəyir. Bunun üçün isə klubun maliyyə imkanları daha da yaxşılaşmalıdır.
BƏHRUZ MUSAYEV, GƏNCƏ