2021-2022 mövsümünü “Neftçi”də keçirən braziliyalı hücumçu Tiaqo Bezerranın futbolinfo.az saytına müsahibəsi
– Geridə qalan mövsümü Səudiyyə Ərəbistanının I divizion komandası “Al-Orubah”da keçirdiniz. Kriştianu Ronaldonun transferindən sonra orada futbol sanki daha da populyarlaşıb…
– Bəli, Səudiyyə Ərəbistanı futbolunda dirçəliş var, ab-hava çox yaxşıdır. İnsanlar Ronaldonun oyununa baxmaq üçün stadiona axın edirlər. Artıq başqa dünya ulduzlarının ölkəyə gəlişi gözlənilir. Mətbuatdan oxuyuram, hətta Lionel Messinin adı da hallanır. İlk vaxtlar Ronaldonun bura gələcəyinə inanmırdım. Amma indi Messinin gəlişi də mənim üçün sürpriz olmaz.
– Ronaldo ilə Messinin Səudiyyə Ərəbistanında yenidən rəqib olmaq ehtimalına münasibət necədir?
– Təkcə Ronaldonun gəlişi turizm baxımından böyük inkişafa yol açdı. Onun burada Messiyə rəqib olmasını təsəvvür belə edə bilmirəm. Hər ikisi möhtəşəm futbolçudur. Amma mənə görə Ronaldo öz dövrünün ən yaxşısıdır. Portuqaliyalı özəl oyunçudur.
– Səudiyyə Ərəbistanı çempionatı ilə Azərbaycan Premyer Liqası arasında nə kimi fərqlər var?
– Buranın hər iki liqası güclüdür. Yüksək liqa komandaları müntəzəm olaraq Asiya Çempionlar Liqasında çıxış edir, hətta turnirin finalına qədər gedib çıxa bilirlər. Azərbaycan təmsilçiləri də avrokuboklarda mübarizə aparırlar. Əlbəttə ki, Avropanın Çempionlar Liqası daha çətindir. Hətta mənim çıxış etdiyim liqada da çox sayda əcnəbilər var. Müqayisə etməyim doğru olmaz. Hər iki çempionat yaxşıdır.
– Keçmiş komandanız “Neftçi” başa çatan mövsümdə üçüncü yeri tutdu. Azarkeşlər bunu uğursuzluq hesab edirlər. Siz necə düşünürsünüz?
– “Neftçi”ni imkan olduqca izləyirdim. Qış fasiləsində reallaşdırdığı transferlərlə ikinci yarıda daha yaxşı nəticələr göstərdi. Ancaq liderlərə yaxınlaşmaq üçün artıq gec idi. Başa düşürəm, azarkeşləri ancaq çempionluq qane edir. Amma kollektivin formalaşması üçün vaxt lazımdır. Onların ən böyük problemi heyəti tez-tez dəyişmələridir. Birdən-birə 7-8 nəfər gedir, bir o qədəri də gəlir. Hər mövsümün sonunda belə ciddi islahatlar aparmaqla uğur qazana bilməzsən. Düzdür, heyət güclənməlidir, amma bu şəkildə yox. Futbolçular birlikdə daha uzun müddət çıxış etdikdə bir-birilərinə daha çox güvənirlər və uyğunlaşırlar.
– Sizin “Neftçi”dən ayrılmağınız da bu islahatlardan qaynaqlandı?
– Klub başa çatan müqaviləmi yeniləmək istəmədi. Rəhbərliklə münasibətlərim qaydasındır. Həm də yeni baş məşqçi gəlmişdi. Etiraf edirəm ki, “Neftçi”də oyunum istədiyim kimi alınmadı. Çünki koronavirusa görə komandanın təlim-məşq toplanışına qatıla bilmədim. Rəsmi matçlarda da istədiyim qədər oyun şansı əldə etmədim. “Neftçi” böyük klubdur, orada zəif oynamağa haqqın yoxdur. Buna görə də rəhbərliyi günahlandırmıram. Açığı, şəxsən mən yeni müqavilə təklif olunmasını arzulayırdım. Çünki “Neftçi”də qalmaq istəyirdim. Amma mənə daha gənc hücumçu axtarışında olduqlarını dedilər.
– Sabiq komandanız Azərbaycan Kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq. Həmin matçdan nə gözləyirsiniz?
– İzlədiyim qədərilə “Neftçi” bu il daha yaxşı forma yığıb. Amma “Qəbələ” də baxımlı futbol oynayan komandadır. Ötən mövsüm biz titul qazana bilməmişdik. İnanıram ki, bu dəfə “Neftçi” ölkə kubokunu qazanacaq. Fikrimcə, “Neftçi” finalın favoritidir.
– “Al-Orubah”la müqaviləniz başa çatmaq üzrədir. Yenidən Azərbaycanda oynamaq istərdiniz, yoxsa karyeranızı bitirməyi düşünürsünüz?
– Yaşımı nəzərdə tutaraq bu sualı verməyiniz normaldır. Amma müasir futbolda 36 yaşında uğurlu performans göstərən oyunçu kifayət qədərdir. 21 qolla liqanın bombardiri oldum. Belə bir durumda niyə karyeramı bitirim? Əlbəttə, Azərbaycandan təklif gələrsə, mütləq dəyərləndirərəm. Ora qayıtmağımda heç bir problem yoxdur. Ancaq istər Səudiyyə Ərəbistanından, istərsə də ölkəmdən təkliflər var. “Al-Orubah”da da hər şey ürəyimcədir. Qərar verməyə tələsmirəm.
AĞA