“Neftçi”nin keçmiş hücumçusu Tiaqo Bezerra bakılıların transfer siyasətindən danışıb. 2021-2022 mövsümünü ölkəmizdə keçirən braziliyalı nəticələrin yaxşı olmamasının səbəbini göstərib.
Futbolinfo.az saytına açıqlamasında o, heyətdə çox dəyişiklik edilməsinin uğur qazanmağa mane olduğunu bildirib: “Neftçi” qış fasiləsində reallaşdırdığı transferlərlə ikinci yarıda daha yaxşı nəticələr göstərdi. Ancaq liderlərə yaxınlaşmaq üçün artıq gec idi. Başa düşürəm, azarkeşləri ancaq çempionluq qane edir. Amma kollektivin formalaşması üçün vaxt lazımdır. Onların ən böyük problemi heyəti tez-tez dəyişmələridir. Birdən-birə 7-8 nəfər gedir, bir o qədəri də gəlir. Hər mövsümün sonunda belə ciddi islahatlar aparmaqla uğur qazana bilməzsən. Düzdür, heyət güclənməlidir, amma bu şəkildə yox”.
Braziliyalı Bakıda qalmaq istəyirmiş: “Klub başa çatan müqaviləmi yeniləmək istəmədi. Rəhbərliklə münasibətlərim qaydasındır. “Neftçi” böyük klubdur, orada zəif oynamağa haqqın yoxdur. Buna görə də rəhbərliyi günahlandırmıram. Açığı, şəxsən mən yeni müqavilə təklif olunmasını arzulayırdım. Amma mənə daha gənc hücumçu axtarışında olduqlarını dedilər”.