“Həm “Sumqayıt”la, həm “Turan Tovuz”la danışıqlar oldu. Özüm üçün ən optimal variantı seçdim. Ayxan Abbasovla yenidən işləmək istəyi də seçimimdə rol oynadı”. Bunu futbolino.az-a açıqlamasında “Sumqayıt”dan ayrılıb “Turan Tovuz”a keçən Aydın Bayramov deyib.
Qapıçı “Sumqayıt”da son zamanlar problem yaşaması və buna görə “gənclik şəhəri” təmsilçisindən ayrılması ilə bağlı gəzən xəbərlərə də münasibət bildirib: “Sumqayıt”da heç bir problemim olmayıb. Sadəcə, şəxsi qərarım idi. Düşündüm və belə qərara gəldim ki, “Turan Tovuz” daha yaxşı variantdır”.
Bayramov əyalət təmsilçisinin iki qapıçısı – Tərlan Əhmədli və Kamal Bayramovla mübarizəyə hazır olduğunu da sözlərinə əlavə edib: “İkisi də yaxşı qapıçıdır. Onlarla mübarizəyə hazıram. Oynamağımla bağlı qərarları baş məşqçi verəcək. Bu barədə hər şeyi düşünmüşəm”.
Gənc qolkiper “Turan Tovuz”un ildən-ilə daha yaxşı olacağına inandığını da bildirib: “Hər şey daha yaxşı olacaq. Komanda Premyer Liqaya təzə gəlib. Bundan sonra inkişaf edəcəyik”.