Avropa Liqasının final matçından sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransı keçirib. “Sevilya”nın “Roma”nı (1:1, penaltilərlə 4:1) məğlub etdiyi görüşdən sonra məşqçilərin açıqlamaları nəticələrə uyğun olub.
Qaliblərin çalışdırıcısı Xose Luis Mendilibar matça pis başladıqlarını bildirib: “Oyuna pis başladıq, amma ikinci hissədə daha üstün oynadıq. Qol imkanlarımız rəqibdən çox idi. Nəticədə kuboku qazandıq. Layiqli qələbə oldu. İndi bu zəfərin dadını çıxarmaq lazımdır. Mövsüm boyu futbolçularla gözəl işlər gördük, onlardan nə istədimsə, yerinə yetirdilər. Yaxşı ki, bura gəlmişəm”.
İtaliya klubunun baş məşqçisi Joze Mourinyo isə gileylənib: “Yorğunluqdan öldük. Həm fiziki, həm də zehni olaraq çökdük. Nəticə ədalətsiz idi. Meydanda uduza bilərsən, amma şərəfini itirməməlisən. Futbolçularım meydanda hər şeyini verdilər. Hakim sanki ispan idi. Tez-tez sarı vərəqə göstərirdi. Rəqib oyunçu Erik Lamela qovulmalı idi, amma sona qədər meydanda qaldı və penaltilər seriyasında da fərqləndi”.