“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasının əvvəlində üzləşdiyi çətinliklərdən danışıb. 29 yaşlı qolkiper “championat.com” saytına müsahibəsində Moskvada olduğu dönəmlərdə bir çox problemlərlə üzləşdiyini söyləyib.
Futbolinfo.az xəbər verir ki, Dağıstan futbolunun yetirməsi həmin dönəmdəki qazancını da açıqlayıb: “Rusiyada olarkən bir dəfə də olsun maaş almamışam. 18 yaşım olanda uşaqlar məni LFL-də oynamağa dəvət etdilər. Nəticədən asılı olmayaraq, 1000 rubl ödədilər. Bu, mənim yeganə qazancım idi – həftədə min rubl. Həmin oyunları çox bəyəndim – qapıçı üçün ciddi məşq və təkmilləşmək imkanı idi. Qapıya çox zərbə olur, qapıçının işi az deyil. Rusiyada bu, çox inkişaf edib. Azərbaycanda belə səviyyəli turnir olsaydı və klubum orada oynamağa icazə versəydi, məmnuniyyətlə iştirak edərdim. Valideynlərim kömək edirdi, amma psixoloji cəhətdən çox çətin idi. 18 yaşımda evləndim, ailəmi kişi kimi dolandırmalı oldum. Birvaxtlar yaxşı formada idim, sonra ayağım sındı. Ağır zədə idi, sümük yavaş-yavaş sağalırdı. Dörd ay gipsdə qaldım. Çətin dövr idi”.
Xatırladaq ki, 2013-cü ildə Azərbaycana gələn qolkiper burada “Şahdağ” və “Sumqayıt”da forma geyindikdən sonra 2016-cı ildə “Qarabağ”a keçib. (Məhəmmədəliyevin müsahibəsindən daha bir hissə bu linkdə).