“Neftçi”nin prezidenti Kamran Quliyevin dünən verdiyi açıqlama təsadüfi deyilmiş. Klub rəhbəri komandanın yayda 7-8 futbolçuyla güclənəcəyini deməklə mümkün heyət islahatlarının anonsunu vermiş oldu.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” artıq transfer çalışmalarına başlayıb. Əsasən komandanın yerli oyunçu potensialını artırmağa çalışan rəhbərlik diqqətini ilk olaraq yerli bazara yönəldib. Milliləşdirilmiş Filip Ozobiç və komandanın yetirməsi Emil Balayevin transferi bu məqsədə xidmət edir.

Klub təkzib etsə də, Ozobiçlə iki illik müqavilənin razılaşdırıldığı bəllidir. “Qarabağ”la anlaşması bitən və azad agentə çevrilən yarımmüdafiəçi növbəti iki ili “Neftçi”də keçirməlidi. Onun ilinə 240 min dollar qazanacağı deyilir.

2016-cı ildə “Slaven”dən (Belupo) “Qəbələ”yə gələn xorvat, 2018-də “Qarabağ”a azad agent kimi keçmişdi. 32 yaşlı oyunçu indi də Ağdam klubunu əzəli rəqibinə dəyişir.

Emil Balayevə gəlincə, “Neftçi” yetirməsi “Sumqayıt” və “Araz-Naxçıvan”a icarəyə verilmiş, 2016-cı ildə klubla birdəfəlik vidalaşmışdı. Almaniyada “Ayntraxt”ın düşərgəsində bir il qaldıqdan sonra “Qarabağ”a keçən qapıçı “Səbail”, “Tobol” (Qazaxıstan), “Zirə”, növbəti dəfə “Qarabağ” və “Turan” (Qazaxıstan) klublarında oynamış, ötən yay yenidən “Səbail”ə gəlmişdi. 29 yaşlı qolkiper indi növbəti dəfə “Neftçi”də oynayacaq. Futbolçunun illik 120 min dollar maaşa anlaşdığı və iki illik müqavilə bağladığı deyilir.

Bakılıların vidalaşacağı oyuçular da var. Müqaviləsi bitən Vato Arveladze və Sezar Meza Kollinin yola salınacağı dəqidir. Kubokun finalından sonra yeni adlar da bəlli olacaq.

Shares: