“Roland Garros” turnirində dünən cədvəlin alt hissəsində qərarlaşan idmançıların oyunları baş tutub. Bu hissənin ən güclülərindən biri sayılan Yannik Sinner gözlənilmədən məğlub olub. Daniil Medvedevin məğlubiyyətindən sonra Sinnerin də uğursuzluğu digər tennisçilərin işinə yarayacaq. İtaliyalı raketka ustası alman Daniel Altmayerlə bacarmayıb. 5 set davam edən oyunun 3-də tay-brek olub. Onların ikisini Altmayer qazanıb. Son seti isə 7:5 hesablı qələbəylə tamamlayıb.
Xatırladaq ki, Sinner son 4 “Böyük dəbilqə” turnirində 5 setlik oyunlarda məğlub olaraq mübarizəni dayandırıb. Onun məğlubiyyətindən sonra bu hissənin əsas favoriti Holger Rune, Kasper Ruud və Aleksandr Zverev sayılır. Danimarkalı tennisçi korta çıxmadan 3-cü mərhələyə adlayıb. Belə ki, onun rəqibi Qael Monfis zədə səbəbilə mübarizəni dayandırıb. Zverev isə Aleks Molçan üzərində rahat qələbə qazanıb (3:0). “Roland Garros”un finalçısı Ruud növbəti mərhələyə adlamaq üçün kortda 4 set keçirməli olub. Norveçli idmançı italyan Culio Dzeppyerini məğlubiyyətə uğradıb. Medvedevi yarışdan kənarlaşdıran braziliyalı Tiaqo Seybot argentinalı Gido Pelyanı 4 setdə məğlub edib. Bolqarıstanlı Qriqor Dimitrov isə Emil Ruusuvoridən üstün olub. Gənc amerikal Teylor Fritsin də növbəti mərhələyə keçməsini qeyd etmək lazımdır. O, fransız Artur Rinderkneşə 3:1 hesabı ilə qalib gəlib.
Qadınların mübarizəsində rusiyalı Mirra Andreyevanın nəticələri hamını heyrətləndirir. 16 yaşlı tennisçi bu dəfə fransız Dian Parri üzərində rahat qələbə (6:1, 6:2) qazanıb. Reytinqin 3 nömrəsi Yelena Rıbakina iki setdə çexiyalı Linda Noskovanı sıradan çıxarıb. Əsas favorit polşalı İqo Şvyontek isə Kler Lyuidən güclü olub. Kifayət qədər güclü sayılan Ons Jaber, Byanka Andreesku və Koko Qauf da qələbə qazanıblar.