“Bizim üçün pozitiv mövsüm oldu. Premyer Liqada yerimizi qoruyub 6-cı yerdə qərarlaşa bildik” – bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Denis Marandiçi deyib.

O, Misli Premyer Liqasında 2022/2023 mövsümünü komandası üçün dəyərləndirib: “Azərbaycan kubokunun finalında oynaya bilərdik, yarımfinala qədər gəldik, orada uduzduq. Əslində, bununla növbəti mövsüm üçün komandanın potensialını göstərdik, ortaya qoyduq. Komandanın çıxışından razı qalmalıyıq. Özüm üçün də yaxşı dəyərləndirirəm. Vacib oyunlarda meydana çıxdım, komandama kömək etdim. Düşünürəm ki, sevinməliyəm. Futbol belədir ki, daim inkişafda olmalısan. Özümüzü təkmilləşdirməliyik”.

Moldovalı futbolçu mövsümə geri baxanda “Neftçi” ilə Azərbaycan kubokunun yarımfinal görüşünü unutmağın çətin olduğunu sözlərinə əlavə edib: “Bir çox maraqlı oyunlar keçirdik. Geri baxanda hamısı barədə danışmaq olar. Amma Azərbaycan kubokunun yarımfinal görüşünü unutmaq çətindir. Hansı ki, “Neftçi”yə uduzduq. Evdə qələbə qazanmışdıq, səfərdə son dəqiqə qolu ilə məğlub olduq. Bu, bizim üçün yaxşı hal deyildi. Həmin qarşılaşmanı unutmaq çətindir. Çünki finala çıxa bilərdik”.

Marandiçi “Turan Tovuz”un növbəti mövsümdə medallar üçün oynaya biləcəyi ilə bağlı suala isə belə cavab verib: “Düşünürəm ki, bu barədə danışmaq üçün tezdir. Tətildən qayıtdıqdan sonra komandanın hədəflərinin nə olduğunu öyrənəcəyik. Mən özüm də burada qalacam və müqaviləm var. Özümü xoşbəxt hiss edirəm. Əgər “transfer pəncərəsi”ndə hansısa təklif olsa, bunu müzakirə edəcəyik, komandamla məsləhətləşəcəyik”.

Shares: