Azərbaycanda uğurlu oyunu, vurduğu qollarla azarkeşlərin sevimlisinə çevrilən futbolçulardan biri də Baqali Dabodur. Fransalı forvard “Qəbələ” və “Neftçi”nin heyətində müxtəlif mövsümlərdə Premyer Liqanın bombardiri olub.

Sabah isə 35 yaşlı forvardın sabiq komandaları Azərbaycan Kubokunun finalında üz-üzə gələcəklər. Dabo futbolinfo.az saytına açıqlamasında kimə azarkeşlik edəcəyi ilə bağlı məsələdə tərəddüd içində olduğunu bildirib: “Hər iki komandanı çox sevirəm. “Qəbələ” yüksəlişimdə, “Neftçi” isə pik formaya çatmağımda böyük rol oynadı. Finalda sevimli komandalarımın qarşılaşması məni çox sevindirir. Oyuna baxmağa çalışacağam. Yəqin ki, matçdan sonra bir tərəfdən sevinib, digər tərəfdən üzüləcəyəm. Çünki kuboku ikisindən ancaq biri götürə biləcək”.

Hücumçu “Neftçi”ni kuboku qazanmağa daha şanslı sayır: “Final “Bakcell Arena”da olacaqsa, deməli, “Neftçi” 1:0 öndə başlayacaq. Bu klubun fantastik azarkeş dəstəyi var. Onlar istənilən rəqib üzərində təzyiq yaratmaq gücünə malikdirlər. Öz meydanlarında “Qəbələ”yə də çətin anlar yaşadacaqlar. Komandaların heyətlərinə və nəticələrinə də nəzər yetirdikdə “Neftçi”nin favorit olduğunu fikirləşirəm”.

Qeyd edək ki, Baqali Dabo 2016-2018-ci illərdə ölkə çempionatında “Qəbələ”də 20, 2018-2020-ci illərdə isə “Neftçi”də 21 qol vurub.

d70a898 - Futbolinfo.az
Shares: