Azərbaycanda 2017-2019-cu illərdə “Qəbələ”nin, 2019-2021-ci illərdə isə “Neftçi”nin formasını geyinmiş fransalı hücumçu Stiven Jozef Monrozun futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan çempionatının bu mövsümündə sabiq komandalarınız “Neftçi” üçüncü, “Qəbələ” isə dördüncü yeri tutdu. Bunu necə qarşıladınız?

– “Qəbələ”nin bu mövqedə olması normaldır. Bildiyim qədərilə klubun büdcəsi əvvəlki kimi deyil. Buna baxmayaraq, hələ də turnir cədvəlində yuxarı yerlərdə ola bilirlər. Çünki orada formalaşan bir sistem var. Əsas odur ki, avrokuboklara vəsiqə qazana biliblər. “Neftçi” isə məncə, daha yaxşısını etməlidir.

– Yəni bürünc medal “Neftçi” üçün qəbuledilən nəticə deyil?

– Azərbaycanda oynadığım üçün hansı komandadan nələr tələb olunduğunu bilirəm. Bəlkə də o qədər uğursuz nəticə deyil. Hər halda favoritlər ilk “üçlük”də yer aldılar. Amma bilirəm ki, “Neftçi”də heç ikinci yeri tutanda bayram eləmirlər. Mən orada çıxış edəndə, ikinci yeri tutduğumuz zaman daim tənqid olunurduq, təzyiqlərlə üzləşirdik.

– Azərbaycan Kubokunun finalında məhz keçmiş komandalarınız üz-üzə gələcək. Necə final gözləyirsiniz?

– Hesab edirəm ki, kuboku qazanmaq “Neftçi”yə daha çox lazımdır. Bu halda çempionatdakı uğursuzluğu ört-basdır edə bilərlər. Amma final bir matçdan ibarət olur. “Qəbələ” belə görüşlərə daha yaxşı köklənməyi bacaran komandadır. Yəni “Neftçi”yə asan olmayacaq.

– Oyunun “Bakcell Arena”da keçirilməsi “Neftçi”yə əlavə üstünlük qazandırmır?

– Xırda üstünlük qazandırır. Finalın nəticəsinə təsir edəcək səviyyədə deyil. Artıq matç başladıqdan sonra futbolçular tribunalardakı təzyiqlərə çox önəm vermirlər. “Qəbələ”də olarkən ev oyunlarımızı “Bakcell Arena”da keçirmişdik. Yəni bu stadion “Qəbələ”yə yad deyil. Hətta düşərli arena da adlandıra bilərəm. Həm də bildiyim qədərilə finalda azarkeş sayı bərabər olur. Belədə də qonaq olmaq elə böyük rol oynamır. “Neftçi” aşkar favorit olmasa da, cüzi üstünlüyə malikdir.

Stiven Monroz - Futbolinfo.az

– Danışdıqlarınızdan belə başa düşülür ki, Azərbaycan futbolunu izləyirsiniz…

– Bəli, nəticələrə baxıram. Məsələn, bu mövsüm dörd komandanın çempionluğa iddia edəcəyini düşünürdüm. Amma digərləri “Qarabağ”la sona qədər rəqabət apara bilmədilər. İkinci yarıda “Neftçi”dən sıçrayış gözlədim. Nəticələri daha yaxşı olsa da, bu, ilk iki pillədən birini tutmağa kifayət etmədi.

– Yenidən Azərbaycana qayıtmaq variantını nəzərdən keçirərsiniz?

– “Neftçi” ilə avrokuboklarda mübarizə aparmaq xoş idi. Avropa arenasında oynamaq insana əlavə motivasiya verir. Açığı, mən xatirələrlə yaşayan biri deyiləm. Keçmişdə çox ilişib qalmıram. Azərbaycandan yaxşı təklif olsa, nəzərdən keçirərəm.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp