Daim tənqid etdiyimiz AFFA və PFL haqda, nəhayət, xoş söz demək üçün səbəblər var. “Smaylik” Elxan Məmmədov Parisə sürgün olunandan bəri ölkə futbolunda ümidverici addımlar, inkişafa xidmət edəcək işartılar görürük. Ən azı buna cəhdlər var.
AFFA-nın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov bir nöqtəyə vurmağa çalışır. Və onlar hələ də İcraiyyə Komitəsinə əli çatanMəmmədovun proseslərə təsir etmək cəhdlərinə baxmayaraq, ciddi işlər görməyə çalışırlar. Faktiki, onlar bu gün həm problemlərlə, həm də Elxanın təzyiqləri ilə mübarizə aparırlar. Rövnəq Abdullayevə ciddi təsir etmək imkanına malik olan vitse-prezident ölkə futbolunun nizama düşməməsi üçün əlindən gələni edir. Axı, hər şey düzəlməyə başlasa, Məmmədovun fəaliyyətsizliyi, daha doğrusu, dağıdıcılıq fəaliyyəti ifşa olunacaq.
Şənbə günü AFFA İcraiyyə Komitəsi qəfil toplantı keçirib II Divizionun yaradılması üçün ilkin tapşırıqları verdi. İclasın qəfil təşkil olunması özü də maraqlı idi, yəqin, Məmmədovun yaradacağı süni əngəlləri önləmək üçün məhz belə lazımdır. Çünki bu şəxsin vaxtında hər il komanda sayının azalmasının, liqaların zəiflədilərək gözdən salınmasının, xaos yaradılmasının şahidi olmuşuq. İndi bərpa prosesi gedir, çempionatlar sistemə salınır, daha səliqəli iş prosesi qurulur.
AFFA-nın bundan sonra atacağı əsas addım Premyer Liqada, I və II Divizionlarda sabitlik yaratmaq, 10 komandalı yarışları təsdiqləmək və onlar arasında idman prinsipləri üzrə keçidləri təşkil etməkdir. Məmmədovun Parisdən uzanan barmağını kəsmək mümkün olsa, hər şey qaydasına düşəcək. Şamaxıdakı dostlarına verdiyi vədi tutmaq üçün hər şeyi gözə alan bu şəxs komanda sayının artırılmasına, mümkün olmasa, “Araz-Naxçıvan”ın sıradan çıxarılmasına çalışır.
Lakin indi AFFA-da idarəçilik, işlərin planlaşdırılması Məmmədovla müqayisədə daha mütərəqqi düşüncəli insanların əlindədir. Ola bilsin, hər şeyi ideal edə bilməyəcəklər, amma ən azı Elxan Məmmədovun zamanı ilə müqayisədə müsbət fərqlər olacaq. İlkin addımlar bunu göstərir. Vitse-prezidentin xüsusi sevgi ilə yanında illərlə saxladığı mavi gözlü Frits Stuxlikin darmadağın etdiyi hakimlik məktəbindəki problemlər yoluna qoyulduqdan sonra daha çox müsbət məqamlardan danışa biləcəyik.
Məmmədovun klublardakı yalnız dağıdıcılıqla məşğul olan, öz biznesini quran, komandalarının uğursuzluğu göz oxşayan əlaltılarını təmizlədikdən sonra milli komandalara da əl gəzdirmək lazım olacaq. Futbol infrastukturunun qurulmasında yeyintilər aradan qalxınca, lazım olan yerlərdə lazım olan addımlar atılınca inkişafın işartılarını mütləq görəcəyik. Və bütün bunlar 2024-ün əvvəlinə planlaşdırılan “təmizləmə əməliyyatı” üçün ilkin hazırlıqdır. İcraiyyə Komitəsi sağlam insanlardan təşkil edilincə vəziyyət daha da yaxşılaşacaq.
Təbii ki, bütün yazdıqlarımız son aylarda atılan müsbət addımların təəssüratlarıdır. Hacıyevlə Səmədov elxanlaşmasa, həqiqətən normal çalışmağa davam etsələr, nəyəsə ümid etmək olar.
AĞA