Açıq hava şəraitində keçirilən bütün idman yarışlarının hava şəraitindən asılılığı var. Onların bəzilərinə hava cüzi, bəzilərinə isə ciddi təsir göstərir. Xüsusilə də bu, nəticədə özünü büruzə verir.

Ən ciddi təsirə malik idman yarışlarından biri Formula 1-dir. Hava onların bəzilərini təxirə də salır. Nəticəyə isə təsirsiz ötüşmür. Birinci növbədə bura yağışı aid etmək lazımdır.

Bu səbəbdən komandalar sinoptiklərin proqnozlarına ciddi fikir verirlər. Onlara tam inanmadıqlarına görə özləri də yağışın proqnozlaşdırılması ilə məşğul olurlar. Bunun üçün komandada xüsusi personal olur. Onlar trassın 4 istiqamətində dayanaraq ilk damcıların düşməsini gözləyirlər.

Əsas məlumat mənbəyi hər komandanın özünəməxsus olan portativ meteostansiyadır. Bu stansiyalar pit zonadakı damlarda quraşdırılır. Onlar atmosfer təzyiqini, küləyi , havanın hərarətini ölçür.

Əlbəttə ki, bu qədər pulların dolaşdığı bir idman növündə bir qurğu azlıq edir. Pit zonada yerləşdirilən bu qurğu bütün trass boyu küləyin istiqamətini və gücünü ölçə bilməz. Buna görə də komandalar bir neçə belə qurğudan istifadə edir. Küləklə birlikdə asfaltın temperaturu da vacibdir. O da trassın müxtəlif yerlərində fərqli dərəcədə ola bilir. Asfaltın hərarəti təkərlərin özünü necə aparması üçün vacibdir. Belə ki, hərarət təkərin tez və ya gec yeyilməsinə , sürətli olmasına təsir edir. Bu səbəbdən də komanda daxilində asfaltın hərarətini xüsusi cihazla ölçən insanlar var.

Formula 1-də bütün meteo məlumatlar Fransanın dövlət “Meteo France” şirkəti tərəfindən ötürülür. Onların məlumatlarına əsasən stüardlar və yarış direktoru tərəfindən əmrlər verilir. Belə hallar adətən yağış yağarkən olur. Başqa hallarda yarışa heç bir müdaxilə edilmir.

Müasir dövrdə sinoptiklərin texnologiyaları da inkişaf edir. Əvvəllər onlar böyük bir aparatla gəlirdilərsə, indi kiçik bir qurğudan istifadə edirlər. Həmin qurğular ultrasəs sensorları ilə təchiz edilir.

Yağış zamanı isə optik sensorlar işə düşür.

Əvvəllər Formula 1-də daha ibtidai üsullardan istifadə edilirdi. Xüsusilə də küləyin istiqamətini  və sürətini pilotlar trass boyu quraşdırılan bayraqlar vasitəsilə bilirdilər.

Havanı proqnozlaşdıran ən vacib qurğu isə radardır. Onun diametri 1 metrə bərabərdir. Həmin radar trassın yaxınlığında, ən hündür yerdə quraşdırılır. Onun sayəsində 75 km radiusda başverənlər müşahidə edilir və 20 km həndəvərdə ilk damcılar görülən zaman məlumat ötürülür.

Yağışdan başqa ildırımın çaxması da diqqətlə izlənilir. ABŞ-də keçirilən yarışlar zamanı şimşək çaxan kimi yarış dayandırılmalıdır.

“Meteo France” təkcə öz məlumatları ilə kifayətlənmir. Mərhələnin keçirildiyi ölkənin meteorologiya mərkəzi ilə də çalışır. Məhz onlarla birlikdə ötürülən proqnozlar çox zaman özünü doğrultmur. Formula 1 vaxtı çox zaman azarkeşlər 90 % ehtimalla yağışın yağacağı proqnozunu oxuyublar. Lakin bu proqnozların elə 90%-i də özünü doğrultmur.

Shares: