Fransada “Roland Garros” turnirinin 4-cü mərhələsi keçirilir. Dünən baş tutan oyunlardan sonra kişilərin mübarizəsində ¼ finalın iki cütlüyü məlum olub.

Günün ən çox gözlənilən oyununda Karlos Alkaras Lorenzo Muzetti ilə qarşılaşıb. Dünya reytinqinin 1 nömrəsi italiyalı raketka ustası ilə oyunda elə də ciddi əziyyət çəkməyib – 6:3, 6:2, 6:3. İlk iki geymdə qalib gələn Muzetti birinci setin sonrakı hissəsində səhvləri ilə yadda qalıb. İkinci setin əvvəlində də eyni ssenari təkrarlanıb. Hər iki tərəfin ardıcıl breyklərindən sonra ispan tennisçi üstünlüyü ələ alıb. Bu setdə Lorenzonun bir geymdə 3 dəfə servisdə ikili səhvi də diqqətdən yayınmayıb. Çox istadadlı və torpaq kortlarda güclü olmasına baxmayaraq, Muzetti Alkarasla bacarmayıb. İspaniyalı Hamburq turnirinin finalındakı məğlubiyyətin əvəzini çıxıb.

Turnirn əsas favoritlərindən sayılan Novak Cokoviçin bu mərhələdə rəqibi zəif olub. Serb tennisçi Xuan Pablo Varilyasla oyunda gözlənildiyi kimi ciddi müqavimət görməyərək qələbə qazanıb – 6:3, 6:2, 6:2.

Onun növbəti mərhələdəki rəqibi Xaçanov – Soneqo görüşündə müəyyənləşib. Rusiyalı tennisçi 4 setdə qələbə qazanaraq Novakla oynamaq hüququ əldə edib. Görüşün müqəddəratı 3-cü setdə həll edilib. Tay-brekdə məğlub olduqdan sonra Soneqo özünə gələ bilməyib.

Kişilərin mübarizəsində günün son oyununda tamaşaçılar yalnız 3 set izləyiblər. Yunanıstanlı Stefanos Tsisipas rahatlıqla Sebastyan Ofneri məğlubiyyətə uğradıb. Bununla da o , ¼ finalda Karlos Alkarasa rəqib olub.

Qadınların yarışında Svitolinanın qələbəsi qeyd edilməlidir. Ukraynalı tennisçi rusiyalı Darya Kasatkina üzərində qələbə qazanıb – 6:4, 7:6. Belaruslu Arina Sobolenko eyni hesablı nəticələrlə ABŞ-dən olan Sloun Stivensi məğlub edib. Günün ən maraqlı oyunu Anastasiya Pavlyuçenkova ilə Eliza Mertens arasında olub. Birzamanlar “Baku Open”də qələbə qazanan Pavlyuçenkova 3 setdə rəqibindən üstün olub – 3:6, 7:6, 6:3.

Bu gün keçiriləcək oyunlardan sonra ¼ finalın bütün cütlükləri məlum olacaq.

63587423 5717 4698 ab23 8fe5427517a5 - Futbolinfo.az
Shares: